Son aylar insanların səhhətində yaranan problemlərdə maqnit qasırğalarının rolu artıb. Bir-birinin ardınca Günəşdə baş verən proseslərdən qaynaqlanan maqnit qasırğası bəzən günlərlə davam edir və insanlarda baş ağırısı, yüksək təzyiq, ürək problemlərinin yaranmasına səbəb olur. N.Tusi adına Şamaxı Rəsədxanasından 2 gün əvvəl başlayan növbəti maqnit qasırğası barədə bildirilib ki, Günəşdə qasırğa maksimum fazadadır. 

Günəşin son "şıltaqlığı”

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin sözlərinə görə, dünəndən etibarən qasırğa əvvəlki vəziyyətinə qayıdır. E.Babayev qeyd edib ki, Günəşdə G1 kateqoriyasına malik olan geomaqnit qasırğası baş verib. Hətta gün ərzində bu qasırğanın G2 kateqoriyalı qasırğaya keçib. "Günəşdən öz başlanğıcını götürən qaynar günəş plazma küləyinin sürəti saniyadə 600 km-ə çatıb. Bu da nisbətən böyük rəqəmdir. Çünki sürət "sakit" hallarda 350-400 km/saniyə ətrafında olur. Külək artıq dünəndən yerətrafı fazaya çatıb. Yer monitosferinin qüvvə xətlərini sıxaraq onu həyəcanlandırır və nəticədə qasırğa baş verir. Amma son dəfə baş verən qasırğa heç də deyildiyi kimi, güclü deyil. Bu, təkrarlanan orta səviyyəli qasırğalardan biridir". 

E.Babayev qeyd edib ki, son günlərdəki geomaqnit qasırğasının başvermə səbəbi günəş səthində formalaşmış növbəti "tac dəliyi” ilə bağlıdır. Maqnit həyəcanlaşmasının baş verməsinə səbəb olan digər amil planetlərarası maqnit sahəsinin istiqamətidir. Planetlərarası maqnit sahəsinin Z komponenti cənuba doğru yönələrsə, maqnit həyəcanlaşması daha artmış olur. Bu gün günortaya qədər istiqamət cənubu göstərsə də, qısa müddətdə şimalı göstərib. 

Hər 11 ildən bir yeri silkələyir

Ümumiyyətlə, Günəşdə aktivliyi hər 11 ildən bir təkrarlanır. Günəş səthinin xeyli hissəsi maqnit ləkələri ilə örtülüdür. Həmin yerdə lokal maqnit sahələrinin intensivliyi çox yüksəkdir. Bu zaman Günəşdən plazmaların, ionların tullantısı şəklində çox böyük enerji ayrılır. Bunun Günəş-Yer əlaqələrinə çox böyük təsiri var. Bu zaman Günəşdən atılan plazma kütləsinin sürəti 1000-1200 km/saniyəyə çatır, bu isə Yerin maqnit sahəsini silkələyir. 

Nəticədə telekommunikasiya xətlərinə, süni peyklərin orbitinə, insanlara təsir göstərir. Radioaktiv plazma insan bədəninin təşkil olunduğu yumşaq zülal zənciri üçün zərərlidir. Müxtəlif ağırlaşdırıcı hallarla yanaşı, hətta insanların psixoloji durumuna da təsir etmək qüdrətindədir. 

DNT-ni alt-üst edə bilər

Maqnit qasırğası zamanı bütün orqanizm, xüsusən baş, ürək və ayaq damarları, sinir sistemi "silkələnir”. Azyaşlı uşaqlar, hamilə qadınlar, yaşlılar bu günlərdə xüsusilə, diqqətli olmalıdır. Mütəxəssislər bildirir ki, plazma axını DNT-ni «bombardman» edə bilər. Bu isə hamilə qadınların körpəsi üçün olduqca təhlükəlidir. Həmçinin bəzi hallarda bədxassəli şişlərin yaranması da güclü maqnit qasırğasının təsirindən ola bilər. Bu günlərdə yuxusuzluqdan əziyyət çəkənlər üçün də çətin dövr olur. Onların problemlərinin üstünə daha yenisi əlavə edilir. Amma normal yuxusu olan insanlar da güclü maqnit qasırğası olan günlərdə yuxusuzluqdan əziyyət çəkə bilərlər. 

NASA öyrənir, dünyaya öyrədir 

Ümumiyyətlə, son 3 ildə mqnit qasırğalarının say və təsirində müəyyən artım müşahidə olunur. 2014-cü il dekabrın 22-dək Yerdə son üç əsrdə görünməmiş ən güclü maqnit qasırğası baş verib. Şimali Atlantika Kosmik Agentliyinin (The National Aeronautics and Space Administration, NASA) rəsmi saytında yer alan xəbərə görə, bu anomaliya zamanı Günəş işığının 90 faizə qədərinin qarşısı kəsilir. Bu isə insanlarda ciddi problemlər yaradır, həmçinin elektrocihazlaırn fəaliyyətinə mənfi təsir göstərir. NASA dünyada günəşdəki alışmalar, plazma axını və maqnit qasırğalarını öyrənə biləcək avadanlqılara malik demək olar ki, yeganə qurumdur və bütün dünya məhz onun proqnozlarına arxalanır. 

Ağrıkəsicilər təsir etmirsə...

Ekspertlər bildirir ki, maqnit qasırğaları normal hadisə kimi qəbul olunmalıdır, lakin buna baxmayaraq onun fəsadlarını hiss etməmək və ya daha rahat keçirmək üçün diqqətli olmaq lazımdır. Maqnit qasırğası insanlarda yorğunluq, baş ağrısı yaradır. Xroniki xəstəliklər kəskinləşir, ölüm hadisələrinə qədər aparıb çıxara bilər. Yaşlılar, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər, yüksək qan təzyiqi olanlar risk qrupuna daxildir. Özəlliklə hava dəyişikliklərinə qarşı həssas olan insanlarda adətən, baş ağrıları, ürək ritminin pozulması, yüksək stress qeydə alınır. İnsan həyatı boyunca 2 minə yaxın maqnit qasırğası keçirir, ancaq onun dərəcəsindən asılı olaraq səhhətlərində dəyişklik yarana bilər. Meteohəssas insanlar maqnit qasırğası olan günlərdə havada çox olmamalı, menyularına diqqət etməli, daha çox dincəlməlidirlər. Menyuya meyvə-tərəvəz daxil etmək müsbət təsir göstərir. Hətta fiziki iş də qasırğanın təsirini artıra bilər. Artıq insanlar özləri də səhhətlərində qəfil dəyişklik hiss etdikdə həmin gün qasırğanın olub-olmaması barədə xəbərlərə baxırlar və bu, onalrda psixoloji basqı yarada bilər. Bu isə insanı stressə sala biləcək vəziyyətdir. Bir neçə gün davam edən baş ağrısı, ürəkbulanma, həyəcan maqnit qasırğasının təsirilə izah edilir. Həkimlər bildirir ki, geomaqnit qasırğası daha çox ürək-damar xəstəlikləri, yüksək təzyiq, şəkərli diabetdən zəiyyət çəkənlər üçün daha təhlükəli vəziyyət yaradır. Hətta vaxtında tədbir görülmədiyi təqdirdə şok vəziyyətinə düşmə ehtimalı belə var. Həkimlər yüksək qan təzyiqindən əziyyət çəkənlərin həmin günlər daha diqətli olmasının faydalı olacağını, dərmanların dozasında dəyişkliyin mümkünlüyünü bildirir. Ancaq həmin günlərdə ağrıkəsicilər o qədər də effektiv olmaya bilər. Buna görə də risk qrupundakı insanların güclü maqnit qasırğası müşahidə edilən günlərdə açıq havada daha az olması məsləhətdir. 

İnfarktlar da arta bilər

Bu il sentyabrın 13-dən etibarən Yer üzərində son 20 ilin ən böyük maqnit qasırğası cərəyan edib. Mütəxəssislər bildirib ki, təhlükəli vəziyyət 2 gün davamlı olaraq problem yaradıb. Qasırğaya səbəb Günəşdə son 12 ilin ən güclü alışmasıdır. Rusiya Fizika İnstitutunun elmi işçisi Sergey Boqaçev vəziyyəti belə şərh edib: "Hazırda yuxarıda-Günəşdə əsl qasırğa başlayıb". Plazma axınları kosmik aparatları qoruyan maqnitosferə ciddi təsir göstərir. Həkimlər həmin ərəfədə plazma axınlarının ürək, əsəb sistemi, baş və ayaqlara təsirini vurğulayıb. Hamilə qadınlar risk altındadır. Plazma DNA-nı "bombardman" edir. Digər risk qrupu yaşlılar və uşaqlardır. Həkimlər həmçinin infarkt və insult hallarının artacağına dair xəbərdarlıq edib.

Qasırğalar da süni yaradılır?

Ekoloq Telman Zeynalovun sözlərinə görə, üç cür geomaqnit qasırğası müşahidə edilir. Onlardan birincisi, Günəşdə partlayış baş verdikdə elektromaqnit dalğalarının Yerə gəlməsi və təsirindən yaranır. İkincisi Yer kürəsinin özünün elektromaqnit qatlarından qaynaqlanır. Həmin qatlar küləkdə, elektromaqnit qasırğada özünü qoruyur. Üçüncüsü isə süni surətdə yaradılmış maqnit qasırğasıdır. Bu da süni zəlzələ qədər olmasa da müəyyən qədər effekt verə bilər. Mütəxəssisin sözlərinə görə, süni surətdə elektromaqnit dalğalarını yaradan silah Rusiya və Amerikada var. Bu ölkələrin Yerə təsir etmək üçün həmin silahlardan isitfadəsi mümkündür, ancaq bunu isbatlamaq çətin və ya qeyri-mümkündür. Ekoloqun sözlərinə görə, Günəşdə partlayışın olacağını əvvəlcədən müəyyən etmək demək olar ki, mümkünsüzdür. Buna görə də son zamanlar baş verən qasırğalaırn süni yaradılma ehtimalı var. Amma təbii ki, NASA və digər qurumlar bu barədə bütün iddiaları rədd edir.

Qaynarinfo.Az
Mənbə: cebhe.info