Əməkdar artist Murad Dadaşovun təqdimatında teleməkanın ən sevilən realiti şousu olan "Maşın” şou mayın 28-də ATV-də start götürür.

Qaynarinfo-nun "M Group Production”dan aldığı məlumata görə, növbəti dəfə 18 məşhur insan maşın uğrunda mübarizə aparmağa hazırlaşır. Bütün Azərbaycanı ekrana bağlayan  "Maşın” realiti  şounun iştirakçı heyəti də artıq bəllidir. Heyətin tərkibində bu şouda bir neçə dəfə iştirak etmiş şəxslər də var, ilk dəfə şouya qatılanlar da... Lakin bu dəfə yeni adlar çoxluq təşkil edir. "Maşın”ın iştirakçı siyahısına düşmək istəyən saysız-hesabsız ulduzlar durmadan "MGP”yə öz müraciətlərini ünvanlayırlar.

Qeyd edək ki, Azərbaycan teleməkanında ən uzunömürlü realiti şou olan "Maşın” ilk efir gününə qədər bir çox məşqlərdən və hazırlıq dövründən keçir. Belə ki, realiti şou üzərində zəhmət çəkən kollektiv ciddi rejimdə hazırlıqlar aparır və gündəlik toplantılar edir. Toplantılarda "Maşın”ın konsepsiyası düşünülür və konsepsiyaya uyğun dekorun hazırlanması üçün danışıqlar gedir.

Onu da vurğulayaq ki, "Maşın” realiti şou bu dəfə 2 önəmli nüansla daha da yadda qalmağa çalışacaq. Belə ki, "Maşın” şounun müəllif hüquqlarının sahibi olan "MGP” özünün 15 illik yubileyini və cümhuriyyətimizin 100 illiyini xüsusi formada qeyd etmək üçün maraqlı ideyalar düşünür. Bayram günü münasibəti ilə studiyaya sürpriz qonaqlar dəvət olunacaq və "Maşın” möhtəşəm açılışla hər kəsi valeh etməyə çalışacaq.

Yeni loqonun və konsepsiyanın tizeri üzümüzə gələn həftədən etibarən yayıma buraxılacaq. "Maşın”ın yaradıcı heyəti iştirakçıların asudə vaxtlarını maraqlı keçirmələri üçün gündəlik proqram düşünüb hazırlamağa da başlayıb.

Beləliklə, Maşın”ın 16-cı sürətində də hər kəsi sürprizlərlə dolu bir həyəcan gözləyir.