İdman 11:27 12.09.2019

"Matç TV"nin şərhçisi: "Bu nəticə ilə Yurçeviç özünü istefadan xilas etdi"

"Azərbaycan millisinin potensialı var. Zaqrebdə də, Kardiffdə də olan epizodlarda bunun şahidi olduq. Komanda cavandı, stabillik çatmır. Ancaq bu normal haldı".

Bu sözləri Sport7.az-a Rusiyanın "Matç TV" telekanalının azərbaycanlı şərhçisi Elvin Kərimov millimizin Xorvatiya ilə (1:1) oyununu dəyərləndirərkən deyib. 

Bir neçə gündü ölkə mətbuatında müzakirə mövzusu olan xorvatlarla heç-heçəyə münasibət bildirən məşhur jurnalist fikirlərinə belə davam edib:

"Xorvatlarla evdə cəsur oynadıq. Buraxılan qoldan sonra ruh düşkünlüyü olmadı. İkinci hissədə Yurçeviçin əvəzetmələri sayəsində qol vurduq. Xorvatlar sakitləşmişdilər və bundan faydalanmaq gərək idi.
 
Təmkin Xəlilzadə tək başına qol vəziyyəti yaratdı və özü yekun qərarı verdi. Bu oyunçuda özünə inamını göstərir. Həmin vəziyyət də Xəlilzadənin qərarının göstəricisidir. Bu hücuma meyilli, texnikalı oyunçu üçün önəmli keyfiyyətdi.
 
Nəticə və dünya ikincisi olan bir komanda ilə heç-heçə bu oyunda məşqçilərin nəticəsidi. Yurçeviç meydanda baş verənlərə vaxtında müdaxilə, amma Daliç yox. Və bu da onu göstərir ki, Yurçeviç komandanı idarə edə bilir və bu da çox vacib amildi. Bu nəticə ilə bəlkə Nikola Yurçeviç özünü istefadan xilas etdi". 
 
Qeyd edək ki, Xorvatiya yığması ilə heç-heçə edən Azərbaycan millisi AVRO-2020-in seçmə mərhələsində qrupda ilk xalını qazanıb.