Foto 21:07 11.12.2019

Mədəniyyət Nazirliyindən Nəsiminin məzarı ilə bağlı açıqlama: “Hazırıq...”

2019-cu il Prezident İlham Əliyevin sərəncamı ilə görkəmli şair və mütəfəkkir, Azərbaycan dili və ədəbiyyatının inkişafında müstəsna xidmətləri olmuş İmadəddin Nəsiminin şərəfinə "Nəsimi ili” elan edilib.

650 illik yubileyi qeyd olunan mütəfəkkirin Suriyanın Hələb şəhərində yerləşən baxımsız vəziyyətdəki məzarının bərpası müzakirə mövzusudur. Hətta bu günlərdə  İmaddədin Nəsimi şəcərəsinin Hələb şəhərində yaşayan nümayəndəsi Bəşşar Nəsimi bin Əhməd Cövdət saytımıza açıqlamasında məzarı öz imkanları daxilində təmir etdiklərini bildirib.

Hazırkı şəraitdə Azərbaycanın Mədəniyyət Nazirliyi dahi şairin məzaının bərpasına təşəbbüs göstərə bilərmi?

Bununla bağlı Modern.az-ın sorğusunu cavablandıran qurumun mətbuat katibi İntiqam Hümbətov bildirib ki, Nəsiminin məzarının bərpası hazırda Mədəniyyət Nazirliyinin gündəmindədir:

"Lakin Suriyadakı hərbi vəziyyətə görə bərpa işlərinin aparılması mümkün deyil. Təxminən 2009-cu ildə bizim nazirlik və digər aidiyyatı qurumların nümayəndələri Suriyada oldular, hətta məzarın bərpa olunması üçün layihə sənədləri də hazırlandı. Lakin sonradan bölgədəki siyasi vəziyyətlə əlaqədar layihəni reallaşdırmaq mümkün olmadı və hazırda da mümkünsüzdür. Suriyanın Hələb şəhərində siyasi vəziyyət stabilləşdikdən sonra Azərbaycan Mədəniyyət Nazirliyi Suriyanın aidiyyatı qurumları ilə birlikdə məzarın bərpa edilməsinə hazırdır. Bunun
üçün təhlükəsizlik təmin olunmalıdır ki, biz bu işləri həyata keçirə bilək”.

İ.Hümbətov qeyd edib ki, məzarın bərpası üçün tələb edilən maliyyəni nazirlik ödəməyə hazırdır:

"2009-cu ildə nümayəndələrimiz Suriyaya gedəndə bərpa ilə bağlı sənədlərin hazırlanmasında maliyyə məsələsi nəzərə alınmışdı. Hansı məbləğə başa gəlməsindən asılı olmayaraq, Azərbaycan Mədəniyyət Nazirliyi həmin məbləği ödəməyə hazır idi və bu gün də sabitlik bərpa olunduğu təqdirdə hazırdır”.