Zahir Əzəmət
Ölkə 11:44 02.01.2015

“Media forum”suz Yeni il

Zahir Əzəmət

2015-ci ili heç də xoş olmayan bir xəbərlə açdıq. Azərbaycan internet mediasının pionerlərindən biri olan "Media forum” saytı öz faliyyətini dayandırdı. Bu yaxınlarda 10 yaşını qeyd edən saytın başı üzərində bir neçə ay idi ki, qara buludlar dolaşırdı. Bu da final!

"İnternyus Azərbaycan” İctimai Birliyinin layihəsi olan "Media forum” saytı QHT qanunvericiliyinə edilən dəyişikliklərin qurbanı oldu. Saytın yaydığı rəsmi bəyanatda deyilir: "Hörmətli oxucular! "Media forum” saytının kollektivi məzuniyyətə buraxılıb… "İnternyus Azərbaycan” İctimai Birliyi öz layihələri ilə bağlı qrant müqavilələrinə Ədliyyə Nazirliyindən bildiriş ala bilmədiyinə görə həmin layihələrin fəaliyyətini dondurmaq məcburiyyətində qalıb. "Media forum” saytının kollektivinin məzuniyyətə buraxılması bu məcburiyyətin tərkib hissəsidir”.

Anlaşılan odur ki, yuxarılar "Media forum” saytının fəaliyyətində maraqlı deyillər. Nəticədə Azərbaycandilli ilk xəbər saytı səssiz-səmirsiz tarixə qovuşmaq üzrədir.

Tarix demişkən, "Media forum” doğrudan da internet mediamızda bir tarix yazıb. Fəaliyyətdə olduğu 10 il boyunca heç vaxt peşəkar prinsipləri arxa plana keçirmədi, yalan xəbər yaymadı, örnək oldu, obyektiv oldu.

"Media Forum” heç vaxt sarı xəbərlərlə oxucu dalınca qaçmadı, sayğac yarışına qoşulmadı, etibarlı və ciddi xəbərçiliyin ünvanı olaraq qaldı. Bu gün bir-birindən nə tərz, nə xəbər siyasəti baxımından seçilməyən saysız-hesabsız "inkubator” saytları içində öz simasını qorumağı bacardı…

Amma görünür mövcudluğunu qorumaq üçün bunlar yetərli olmadı.

Sadə bir bildirişin verilməməsini adi bir bürokratik əngəl kimi dəyərləndirmək sadəlöhvlük olardı. Bəllidir ki, bunun daha dərin səbəbləri var. Hər nə olursa-olsun, "Media forum” tarixə qovuşmamalı, TARİXi yazmağa davam etməlidir. Bu məqamda medianın və oxucuların da dəstəyi hiss olunmalıdır. Sosial şəbəkələrdə saxta Həmrəylik Günü təbrikləri yazmağa nə var ki. Həmrəylik məhz belə məqamlarda gərəklidir. 10 illik şərəfli tarixi olan bir saytı arxivə gömmək bu qədərmi asan olacaq?

Asan olacaqsa… deməli, biz doğrudan da yaxşı şeylərə layiq deyilik.

Qaynar.info