Məhkəmə sədrindən Ali Məhkəmənin sədrinə şikayət

Məhkəmə sədrindən Ali Məhkəmənin sədrinə şikayət

Bir müddət əvvəl Azərbaycanın 35 tanınmış ziyalısı adından ölkə rəhbərliyinə müraciət ünvanlanmışdı.

Həmin müraciətdə ziyalılar məhkəmədə haqsızlıq olduğunu bildirib, bu haqsızlıqla üzləşən Azərbaycan vətəndaşının pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdilər.

Daha sonra ziyalıların müdafiə etdiyi Ağayev Sakin Abdulhüseyin oğlu bu dəfə özü Prezident İlham Əliyevə müraciət etmişdi. Ona qarşı haqsızlıq olduğunu iddia edən vətəndaş bu dəfə də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevə açıq məktub ünvanlayıb.

Qaynarinfo unikal.org-a istinadən həmin məktubu olduğu kimi təqdim edir.

"Cənab sədr,

Sizin rəhbərlik etdiyiniz məhkəmələr tərəfindən bizim ailənin başına gətirilən müsibətlərdən və haqsızlıqlardan xəbəriniz olduğuna əmin olsam da (ən azı bundan qabaq Sizə ünvanladığımız müraciətlərdən) hər ehtimala qarşı bu işə dair bəzi məqamları bir də, qısa da olsa xatırladaraq əsas mətləbə keçmək istəyirəm. 

Bildiyiniz kimi, artıq Sizin də tanıdığınız Fikrət İbrahimov adlı biri etibarımızdan sui-istifadə edərək bizi aldatmaqla həyat yoldaşım Rəhimli Vüsalə Mahmud qızının hal-hazırda yaşadığı Qazax;stan Respublikasındakı əmlakını mənimsəyərək qaçıb. Azərbaycanda gizləndiyinə görə həyat yoldaşım ona dəymiş ziyanın ödənilməsi üçün qanunauyğun şəkildə məhkəməyə müraciət etmişdir.

Qazaxstan Respublikasındakı məhkəmə çəkişməsində F.İbrahimov hər bir yolla, yəni yalan ifadələr verərərək məhkəməni aldatmaqla, məhkəmə hakimlərini ələ almaqla və digər çirkin yollarla cavabdehlikdən qaçmağa çalışsa da, buna nail ola bilməmişdir.

Qazaxstan Respublikasında açıq məhkəmə çəkişməsində Fikrət Vəli oğlu İbrahimovun fırıldaqçılığı sübuta yetirilmiş və onun Rəhimli Vüsalə Mahmud qızına borclu olduğuna dair müvafiq Qətnamə qəbul edilmişdir.

Lakin F.İbrahimov Qazaxıstan Respublikası Məhkəməsinin qərarı ilə sözügedən borcun tutulub Rəhimli Vüsalə Mahmud qızına ödənməsi barədə məhkəmə çəkişməsində uduzacağını hiss edən kimi, qanuni məhkəmə qətnaməsinin icrasından yayınmaq üçün növbəti fırıldaqlara və saxtakarlıqlara əl atmaq qərarına gəlir. Öz çirkin niyyətini həyata keçirmək üçün o nəyin bahasına olursa olsun ilk növbədə özü kimi birisini, bu qanunsuzluqları həyata keçirməyi üzərinə götürən bir məhkəmə hakimi tapmaq qərarına gəlir. Bu məqsədlə o, həmin vaxt Pirallahı rayon məhkəməsində hakimlik edən tanışı Əkrəm Qəhrəmanov ilə cinayət əlaqəsinə girərək mənə və ailə üzvlərimə qarşı tərəflərin heç birinə (yəni nə mənə, nə mənim ailə üzvlərimə, nə də bu fırıldaqçı Fikrət İbrahimovun özünə) aidiyyatı olmayan Pirallahı rayon məhkəməsində saxta məhkəmə prosesi açmaq barəsində sövdələşirlər.

İşə məhz Ə.Qəhrəmanovun olduğu Pirallahı rayon məhkəməsində baxılmasını əsaslandırmaq üçün Ə.Qəhrəmanov F.İbrahimova cavabdeh qismində Pirallahı rayonunda qeydiyyatda olduğunu güman etdiyi daha bir nəfəri - tanımadığımız Novruzov Abuzər Novruz oğlu adında birini də qoşmağı tövsiyə edir. A.Novruzov iddia ərizəsinə guya "İddiaçıya cavabdehin telefon nömrəsini verdiyinə görə” adı ilə əlavə edilsə də iddiaçı tərəfindən ona qarşı hər hansı bir tələb yönəldilməmiş və məhkəmə tərəfindən onun məhkəmə prosesində iştirakı təmin edilməmişdir.

Yəni, iddianın inzibati-iqtisad məhkəməsində deyil, məhz Pirallahı rayon məhkəməsində  baxılması üçün iddia ərizəsində formal olaraq cavabdeh qismində göstərilən A.Novruzov da heç Pirallahı rayonunda qeydiyyatda deyilmiş. Sonrakı araşdırmalarda isə A.Novruzov nə iddiaçını, nə də cavabdehləri tanımadığı barədə Pirallahı rayon Polis idarəsinə təqdim etdiyi izahatda göstərir. A.Novruzovun heç bu fırıldaqçı F.İbrahimovla da tanışlığının olmaması isə iddia ərzəsinə onun adının məhz hakim Ə.Qəhrəmanovun tövsiyəsi ilə salınması faktını bir daha sübut edir ki, bu da məhkəmə hakimi adını daşıyan birisinin fırıldaqçı ilə cinayət əlaqəsinə girməyi və ona ortaqlıq etməsini təsdiqləyir.

Beləliklə, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu fırıldaqçılığı açıq məhkəmə çəkişməsində sübuta yetirilən İbrahimov Fikrət Vəli oğlunun sifarişi ilə, aidiyyat prinsipini pozaraq iddiaçı və cavabdehlərin heç birinə aidiyyatı olmayan məhkəmədə, heç bir əsası olmayan iddia əsasında gizli şəkildə qurama məhkəmə işi açmaqla, məhkəmə prosesinə dair cavabdehlərin heç birinə hər hansı bir xəbərdarlıq etmədən, iddiaçı tərəfindən tərtib olunub birtərəfli qaydada imzalanan saxta «müqaviləyə» hüquqi sənəd kimi istinad etməklə 26.07.2017-ci il tarixdə mənə və ailə üzvlərimə qarşı qanunsuz 2(094)-396/2017 saylı absurd və heç bir məntiqə sığmayan Qətnamə qəbul edir. Bununla da o bizim ailənin başına gətiriləcək faciələrin başlanğıcını qoyur!

Bu qətnamədən mən ancaq altı ay sonra təsadüf nəticəsində xəbər tuturam. İş materialları ilə tanış olanda isə bu qanunsuzluqların, haqsızlıqların və saxtakarlıqların ədalət məhkəməsi hakimi adlandırılan birisi tərəfindən verilməsinə inana bilmirəm! Ancaq əfsuslar olsun ki, bu həqiqət imiş. Hüquqşünaslar daxil olmaqla iş materialları ilə tanış olan hər bir kəs, ölkəmizdə hakimlər tərəfindən edilən bir çox ədalətsizliklərlə rastlaşdıqlarını, lakin bu işdə məhkəmə hakimi tərəfindən həyasızcasına törədilən açıq-aşkar saxtakarlıqlara və özbaşınalıqlarla ilk dəfə rastlaşdıqlarını qeyd edirlər. Yəni, bir fırıldaqçının əlində alətə çevrilmiş və öz şəxsi maraqları naminə hər bir əskikliyə razı olan, bu cür saxtakarlıqlara imza atmaqla qanunları aşkarcasına ayaq altına atan birisi hansı haqla hakim adını daşıya bilir?!

Görəsən, bu Ə.Qəhrəmanov nəyə arxalanaraq qanunları bu cür tapdalayır? Bəs bu saxtakarlıqların açıq-aydın ortalıqda olduğu halda nə üçün ölkəmiz adına ləkə gətirən bu qətnamə yuxarı məhkəmə instansiyalarında da öz qüvvəsində saxlanılır? Birtərəfli qaydada imzalanan kağız parçasına necə «müqavilə» adı ilə hüquqi sənəd kimi istinad edilə bilər?

İddiaçı və cavabdehlərin heç birinin Pirallahı rayonunda pasport qeydiyyatında olmadığı halda Pirallahı rayon məhkəməsi bu işi necə icraata qəbul edir? Əgər mübahisə iki hüquqi şəxs arasındadırsa bu işə qanunla inzibati-iqtisad məhkəməsində baxılması tələb olunduğu halda, hansı əsasla bu işə Pirallahı rayon məhkəməsində baxılır? Məhkəmə tərəfindən aidiyyat prinsipi bu cür açıq-aşkar necə pozula bilər? "İddiaçıya guya cavabdehin telefon nömrəsini verdiyi üçün” iddia ərizəsində cavabdeh qismində göstərilmiş A.Novruzov nə iddiaçını, nə də cavabdehləri tanımadığı barədə Pirallahı RPİ verdiyi izahatının ortalıqda olduğu halda niyə bu saxtakarlıqlara son qoyularaq ədalət bərqərar olunmur?Niyə məhkəmə prosesi cavabdehlərin heç birini məhkəmədə iştirakı təmin edilmədən gizlin şəkildə keçirilir?

Niyə Ali Məhkəmə tərəfindən bu biabırçılıqlara göz yumulur? Niyə Ali Məhkəmə bu qanunsuz qətnaməni müdafiə edir və ən əsası niyə bu işin Ali Məhkəmənin Plenumuna çıxarılması məsələsini aylarla uzadır?

Qazaxıstan Respublikası Manqistau Vilayət Məhkəməsinin İbrahimov Fikrət Vəli oğlunun Rəhimli Vüsalə Mahmud qızına borcunu təsdiqləyən qanuni Qətnaməsini tanımalı olduğu halda, nəyə görə Ali Məhkəmə rəhbərliyi Qazaxıstan və Azərbaycan respublikaları arasında bağlanmış hüquqi yardım haqqında müqavilənin tələblərinə zidd olaraq bu Qətnaməni əsassız və qanunsuz olaraq təftiş edir və tanınmasından heç bir əsas göstərilmədən imtina edir? Niyə ayrı-ayrı şəxslərin və fırıldaqçılığı açıq məhkəmə çəkişməsində sübuta yetirilən, lakin mötəbər bir şəxsin yaxın qohumu olduğu üçün F.İbrahimovun çirkin maraqları, ölkə qanunlarından və həmçinin beynəlxalq hüquq normaları və qanunlarından üstün tutulur?

Niyə hətta möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların daha da dərinləşdirilməsinə dair verdiyi fərmandan sonra da bu ədalətsizliklərə və qanunsuzluqlara son qoyulmur?

Artıq bir ilə yaxındır ki, bu fırıldaqçı F.İbrahimovun sifarişi ilə Sizin rəhbərlik etdiyiniz məhkəmələr tərəfindən mənim və ailə üzvlərimin başına olmazın faciələr gətirilir. Bu saxta məhkəmə qətnamələri icraya yönəldilərək bizə zülm edilir, borclu kimi ölkə hüdudlarından qırağa çıxmağa qadağalar tədbiq olunur. Niyə öz vətəndaşlarımıza, indiyə qədər heç kimin haqqına girməyən, illər boyu öz xalqına və ölkəsinə vicdanla qulluq edən, millətini, dövlətini sevərək onları ölkə hüdudlarından kənarda da layiqincə tərənnüm edən bir ziyalıya, elmlər doktoru və iş adamına, və həmçinin onun ailəsinə qarşı bu qədər haqsızlıqlar törədilməlidir? Sizin ailəniz yoxdurmu? Bir fırıldaqçının sifarişi ilə heç bir günahı olmayan insanlara qarşı bu qədər haqsızlıqların törədilməsini Siz necə qəbul edirsiniz?

Biz başqa bir şey istəmirik, ancaq öz Konstitusiya haqlarımızı tələb edərək, bu işin qanuna uyğun şəkildə Ali Məhkəmə Plenumuna çıxarılıb baxılmasını və ədalətli qərar qəbul edilməsini istəyirik! Əgər bizim bir günahımız aşkarlansa, ona görə cəzamızı çəkməyə hazırıq. Əks təqdirdə bizim bu haqsızlıqlarla barışmaq fikrimiz yoxdur və ədalət öz yerini tutana qədər mübarizə apararaq, F.İbrahimov tipli fırıldaqçıları, ona havadar olan saxtakarları və rüşvətxorları ifşa edəcəyik!”

Hörmətlə: Ağayev Sakin Abdulhüseyn oğlu,   

Heç bir səbəb olmadan Azərbaycan məhkəmələri tərəfindən zülmə məruz qalan ailənin nümayəndəsi

Əlaqə telefonu:  012 490 29 13, mob. 050 213 13 04.

Ünvan: Bakı şəh., İnşaatçılar pr-ti, ev 4a, mənzil 41.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR