Ölkə 22:44 14.06.2013

Məhkum iki gün dəhlizdə gecələdi

Ruhulla Axundzadənin ailəsi onun həyatına görə əndişəlidir

Artıq 2-ci aydır ki, Ruhullah Axundzadə Penitensiar Xidmətin müalicə müəssisəsində müalicə alır. Doktorlar Ramiz, Mehman, Vüsalə və digər 2 kardioloq xanımların müayinə və müalicəsi bu günə kimi lazımi nəticəni vermiyib. Bu barədə Ruhillah Axundzadənin ailə üzvləri cəbər verib.

Onların dediyinə görə, Ruhullah Axundzadə kimi ağır infarkt keçirən xəstə məhbusa lazım olan şərait yox dərəcəsindədir. Onun ilk gündən xərəklə gətirilməsi də səhlənkarlıq olub, üstəlik,  2 gün terapiya şöbəsinin dəhlizində gecələməli olub.

Ailə üzvləri bildirirlər ki, bu yaxınlarda Ruhullah Axundzadə ilə razılaşdırılmadan həkim kollektivi onun üzərində təcrübə aparıblar.  “Hətta qan analizlərini belə aparmaq üçün kənarda hansısa laborotoriyalara müraciət olunmalıdır. Ən adi dərmanlar, sistemlər (infarktla əlaqəli) tərəfimizdən alınıb, R.Axundzadəyə iynə kimi vurulur, ya da göstəriş əsasında tablet kimi qəbul edilir”.

Məhkumun ailəsi qeyd edir ki, təyin olunmuş dərmanları elə cəzaçəkmə müəssisəsində də qəbul etmək olar, orada da kardioqramma çıxarmaq mümkündür: “Daha Penitensiar Xidmətin müalicə müəssisəsinə nə gərək var idi?” 

Ailə üzvləri aidiyyəti qurumlardan bu işə təcili aydınlıq gətirilməsini tələb edir./musavat.com/