Ölkə 17:35 14.12.2019

Məhkumun atası Prezidentə müraciət etdi

Məhkum Qasımov Bahadur Əli oğlunun 80 yaşlı atası, Şəmkir sakini Qasımov Əli Əmiraslan oğlu Prezident İlham Əliyevə müraciət edib.

Qaynarinfo müraciəti təqdim edir:

"Möhtərəm Prezident! 

Rusiya vətəndaşı olan oğlum Qasımov Bahadur Əli oğlu ailəmizin şərəfi-namusu ilə bağlı mübahisə zəminində Daşkəsən rayon sakini Asəf İsayevi qətlə yetirib. Belə ki, Daşkəsəndə təyinat üzrə müəllimə işləyən qız nəvəmi Asəf İsayev zorla qaçırdıb. Nəvəmin valideynləri övladlarını geri qaytarıblar. Ancaq Asəf İsayev nəvəmi yenidən zorla qaçıracağını təkidlə bildirib. Oğlum Bahadur məcbur olub məsələyə qarışıb və mübahisə zəminində Asəfi qətlə yetirib, könüllü olaraq polisə təslim olub. 

Cənab Prezident ! 

Ümumilli liderimiz Heydər Əliyev deyirdi: "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə". 

Mən oğlumun günasız olduğunu qəti iddia etmirəm. Bəli, oğlum ailə namusu zəminində cinayət törədib və haqlı olaraq cəzasını almalıdır. Ancaq bu cəza haqlı və ədalətli olmalıdır. 

Birincisi, mənim oğlum oğurluq, qulduqluq səbəbi ilə cinayət törətməyib. Bu bir ailənin şərəf məsələsidir. Siz özünüz də dəfələrlə qeyd etmisiniz ki, biz bir millət olaraq bizə yad dəyərlərə, yabançı əxlaqa inteqrasiya edə bilmərik. Bizim dəfələrlə tələbimizə baxmayaraq, qarşı tərəf öz çirkin niyyətindən əl çəkməyib və oğlum məcburiyyət qarşısında cinayətə yol verib. Əlbəttə, mən yenə də oğluma bəraət qazandırmıram. Amma, CƏZA-nın dərəcəsi CİNAYƏT əməlinin dərəcəsinə uyğun olmalıdır. Yəni cəza nə artıq, nə də əskik olmamalıdır. Mənim də tələbim və xahişim oğlumun ədalətlə mühakimə olunması və kimlərinsə tələbi və sifartişi ilə deyil, qanunun tələbi ilə cəzalandırılmasıdır. Başqa xahişim yoxdur. 

Cənab Prezident! 

Siz özünüz də dəfələrlə  qeyd etmisiniz ki, məhkəmə-hüquq sistemində ciddi problemlər var və bunun üçün islahatlara ehtiyac var. Bizim bir ailə olaraq istəyimiz də oğlumun ədalətlə mühakimə olunmasıdır. Ancaq təəssüf ki, 09 dekabr 2019-cu il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin hakimi, Cinayət kollegiyasının sədri Teyyub Muxtarovun sədrliyi ilə appelyasiya şikayətinə BAXILIB və oğlum Bahadur Qasımovun cəzası 1 il artırılaraq, 19 il müddətinə azadlıqdan məhrum edilib.   

Ancaq adına ƏDALƏT məhkəməsi dediyimiz qurum oğlumun söz demək haqqını tanımayıb və son söz deməyə imkan verməyib. 

Cənab Prezident ! 

Heç orta əsrlərdə belə mühakimə olmayıb. Hətta ən qatı cinayətkarın son söz demək haqqı var. Hakim oğlumun özünə yeni vəkil tutmaq tələbini qəbul etməyib. Əgər hakim mənim oğluma öz sözünü deməyə imkan vermirsə, hansı ədalətdən danışmaq olar? 

Oğlum öz vəkilindən imtina etməsinə və vaxt istəməsinə baxmayaraq, hakim qanunları və ədalət hissini unudaraq oğlumun hüquqlarını pozub. Yeri gəlmişkən, Təhsil Nazirliyi və  Daşkəsən Təhsil Şöbəsi bugünədək təyinatla ucqar dağ kəndinə göndərdiyi öz kadrının talehi ilə maraqlanmayıb. 

Cənab Prezident! 

Bir daha təkrar edirəm ki, mənim və ailəmin məqsədi oğlumun cəzasını yüngülləşdirmək deyil. Mən istəyirəm ki, hər şey ədalətli və qanuna uyğun olsun. Biz Sizin ədalətinizə sığınırıq, cənab Prezident!" 

Qeyd edək ki, 2018-ci ilin  sentyabr ayında Daşkəsən rayonu Almalı kənd sakini Asəf İsayev Şəmkir rayonundan olan qızı qaçırdaraq Daşkəsən şəhərində yaşayan nənəsigilə aparıb. Sonra qızın valideynləri ora gedərək  qızı geri qaytarıblar. Asəf İsayev isə onlara qızı yenə qaçırdacağını deyib.

Məsələyə qızın Şəmkir rayonunun Tatarlı kəndindən olan 39 yaşlı dayısı, Rusiya vətəndaşı Qasımov Bahadur Əli oğlu qarışıb və oğlana onunla görüşüb, söhbət etmək istədiyini bildirib. Onlar görüşüblər, aralarında mübahisə düşüb və nəticədə B.Qasımov onu qətlə yetirib. Bir neçə gündən sonra  B.Qasımov Şəmkir rayon Polis şöbəsinə gedərək, törətdiyi cinayəti etiraf edib və könüllü şəkildə təslim olub. 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb. 

Sonra Bahadur Qasımovun barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hökmü ilə Bahadur Qasımov 18 il azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan tərəflər Gəncə Apellyasiya Məhkəməsinə müraciət edib. 09 dekabr 2019-cu il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin hakimi, Cinayət kollegiyasının sədri Teyyub Muxtarovun sədrliyi ilə apellyasiya şikayətinə baxılıb və Bahadur Qasımovun cəzası 1 il artırılaraq, 19 il müddətinə azadlıqdan məhrum edilib.