Ölkə 09:45 16.11.2013

Mehriban Əliyeva film təqdimatında - FOTO


Noyabrın 15-də Heydər Əliyev Sarayında C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "Vayt Media" kino şirkətinin birgə istehsalı olan "Qorxma, mən səninləyəm! 1919" bədii filminin təqdimat mərasimi olub.

Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Görkəmli həmyerlimiz, Azərbaycanın Xalq Artisti, Rusiyanın Əməkdar İncəsənət Xadimi, filmin ssenari müəllifi və rejissoru Yuli Qusman təqdimat mərasimində çıxış edərək 30 ildən artıq Moskvada yaşamasına baxmayaraq, doğulub boya-başa çatdığı Bakını heç vaxt unutmadığını, filmin çəkilişlərinin həyata keçirildiyi 6 rayonda yerli əhalinin onları qonaqpərvərliklə qarşıladığını deyib.

Daha sonra çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tamaşaçıları salamlayaraq filmin ərsəyə gəlməsində göstərdiyi köməyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin Sərəncamı ilə Y.Qusmana verilən "Şöhrət" ordenini rejissora təqdim edib.

Ötən əsrin 80-ci illərində çəkilmiş "Qorxma, mən səninləyəm" bədii filminin davamı kimi ekranlaşdırılan yeni kino əsərinin ssenari müəllifi və rejissoru Y.Qusman, operatoru Vadim Alisov, quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.

Filmdə, həmçinin tanınmış rusiyalı aktyorlar Lev Durov, Muxtarbek Kantemirov, Mixail Yefremov, Edqar Zapaşnı, Vladimir Dolinskiy, Yuri Kobaladze, eləcə də azərbaycanlı aktyorlar Kristina Güləliyeva, Eldar Qasımov, Həmidə Ömərova, Məbud Məhərrəmov, Teymur Bədəlbəyli, Zaur Şəfiyev, Bəhram Bağırzadə, Nuriyə Əhmədova, Rövşən Əsgərov və başqaları çəkilmişlər.

Filmdəki intriqalar daha dramatik və təhlükəlidir. Söhbət yalnız qız qaçırılmasından yox, qara qüvvələrin Azərbaycanda demokratiyaya qarşı üsyanından gedir. Yeni ekran əsərində məşhur bəstəkar-müğənni, Xalq Artisti Polad Bülbüloğlunun canlandırdığı Teymur obrazı bu dəfə tamaşaçılara həm deputat, həm də böyük bəstəkar kimi təqdim edilmişdir.
Filmdə təhlükəli sərgüzəştlərlə yanaşı, iki gənc qəhrəmanın məhəbbəti də öz əksini tapmışdır. "Romeo və Cülyetta"da olduğu kimi, onlar da iki düşmən tərəfin övladlarıdır.
Bu ekran əsəri hər bir tamaşaçıda müstəqil Azərbaycanın bugünkü sürətli inkişafı ilə bağlı dolğun təsəvvür yaradır.


Qaynar.info