Bəzi uşaqlar sağlamlıq imkanlarının məhdudluğu səbəbindən orta məktəbə getmək həyəcanını yaşamaqdan məhrumdurlar. Yəni, bu uşaqlar orta təhsillərini adi məktəblərdə deyil, ev şəraitində, ya da onlar üçün ayrılmış xüsusi məktəbdə davam etdirmək məcburiyyətindədirlər.
Anspress-in məlumatına görə, Azərbaycanda cəmi iki evdə təhsil məktəbi fəaliyyət göstərir. Bunlardan biri “219 nömrəli evdə təhsil məktəbi”dir ki, bu, Bakıda, digəri isə Sumqayıtda yerləşir.
Təsil Nazirliyi 9 min 144 sağlamlıq imkanları məhdud olan şagirdin evdə təhsil aldığını açıqlayıb. Amma açıqlanan rəqəmdən başqa, bu imkandan yararlanmayan sağlamlıq imkanları məhdud olan uşaqların kifayət qədər olduğunu da nəzərə alsaq, o zaman evdə təhsil məktəbinin sayının az olduğu və xüsusən rayonlarda olmaması problemlərdən biridir.
Təhsil Nazirliyindən aldığımız məlumata görə, 2014-2015-ci dərs ilində evdə təhsilə 9361, 2015-2016-cı dərs ilində isə 9144 nəfər şagird cəlb olunub. Bunlardan 700 şagird Bakıdakı, 362 şagird isə Sumqayıtdakı evdə təhsil məktəbində təhsil alırlar.
Təhsil Nazirliyinin ümumi təhsil və məktəbəqədər təhsil şöbəsinin aparıcı məsləhətçisi Əhliyyət Adıgözəlov deyir ki, hazırda bu məktəblərin sayının artırılması istiqamətində işləyirlər. Onun sözlərinə görə, saǧlamlıq imkanları məhdud olan və evdə təhsilə ehtiyacı olanlar araşdırılır və evdə təhsilə yönləndirilir.
“Evdə təhsilin cəmi iki məktəbdə keçirilməsindən başqa, bu gün ciddi problemlərdən biri maarifləndirmə işi ilə bağlıdır və bu sahədə dəyişiklərin aparılmasına ehtiyac var. Bir çox ailələrdə uşaqları xüsusi təhsilə cəlbdən gizlətmə halları mövcuddur. Bəzi valideynlər qızlarının gələcək ailə həyatına görə və yaxud övladının problemini kimsə bilməməsi üçün gizlədirlər. Təhsil Nazirliyi hazırda maarifləndirmə işləri aparır. Amma hələ də belə ailələr mövcuddur ki, onlar bu cür faktları gizlədirlər”, - deyə Əhliyyət Adıgözəlov bildirdi.
Ekspert onu da əlavə etdi ki, evdə təhsil Nazirlər Kabinetinin 10 may 2002-ci il tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”na uyğun həyata keçirilir. Hər bir rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) nəzdində Psixoloji-tibbi-pedaqoji komissiya fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud və xəstəliyi “Evdə təhsil almaq hüququ verən xəstəliklər”ə aid olan şagirdlər həmin komissiyanın qərarı ilə evdə təhsilə cəlb olunurlar. Sözügedən qaydalara görə, sağlamlıq imkanları məhdud olan uşaqlar evdə təhsil məktəbinə, yaxud şagirdin yaşadığı ərazidəki ümumtəhsil məktəbində evdə təhsil ala bilər.
Bakıda bir çox orta məktəblər də sağlamlıq imkanları məhdud olan uşaqlara təhsil verməkdən ötrü ona lazımı fənlər üzrə müəllimlər təhkim edirlər. Bu məktəblərdən biri Bakının Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbdir. Adı çəkilən məktəbdə 4 şagird evdə təhsil imkanlarından istifadə edir:
* Səfərov Abbas Mahir oğlu - 5-ci sinif (serebral iflic diaqnozu)
* Kərimova Fidan Elşad qızı - 9-cu sinif (dayaq-hərəkət aparatının funksiya pozğunluğu)
* Məmmədli Nilufər Vaqif qızı - 6-cı sinif (aşağı ətrafın paralici)
* Ağamalıyev Turan İman oğlu - 8-ci sinif (ostenik nevrozun ağır forması)
Kərimova Fidan deyir ki, evdə təhsilə 4-cü sinifdən cəlb olunub. O vaxtadək isə o da normal uşaqlar kimi məktəbə gedib.
“Biz o vaxt Moskvada yaşayırdıq. Mən orada məktəbə gedirdim. Amma sonra onurğamda problem yarandığı üçün mənə dərs deməyə evə müəllimlər gəldi. Bakıya köçdükdən sonra da 158 nömrəli məktəbə lazımı sənədləri verdik və oradan mənə dərs deməyə müəllimlər gəlir. Düzdür, müəllimlərimdən də, dərslərdən də razıyam, amma evdə oturmaq məni ətrafdan təcrid edir, mən də hamı kimi məktəbə getmək, kollektivdə olmaq istəyirəm. Ona görə arada bayramlarda məktəbə gedirəm”, - deyə Fidan vurğuladı.
Fidan Kərimovaya dərs deyən Səliqə Hüseynova da şagirdindən razılığını bildirdi. Müəllimə Fidanın çox savadlı olduğunu vurğuladı:
“Fidan o qədər təhsil almaq, biliklərini genişləndirmək arzusundadır ki. Heyf ki, sağlamlığı ona bunu imkan vermir. Amma o hər vəziyyətdə oxuyur. Hətta, ötən il həkimlər ona 1 il ancaq yataq rejimində olmağı demişdilər. O, elə vəziyyətdə də dərsindən geri qalmırdı”, - deyə riyaziyyat müəlliməsi qeyd etdi.
Sağlamlıq imkanları məhdud olan şagirdlər üçün bütün dünyada evdə təhsil proqramı var. Həm də xarici ölkələrin bu proqramı ölkəmizdəkindən fərqli olaraq, təkcə orta məktəblərə deyil, eyni zamanda kollec və ali məktəblərə də aiddir. Rusiya Təhsil Nazirliyi bununla 2013-cü ilin sentyabrın 20-də qərar qəbul edib. Məktəbə gəlmək imkanı olmayan (sağlamlıq baxımından) şagirdlərə xüsusi müəllimələr cəlb olunub.
Nyu-Yorkun Nyubörn şəhərində isə şagirdlərlə yanaşı, tələbələr də bu xidmətdən istifadə edirlər. Məsələn, "Mount Saint Mary College" məhz belə tələbələr üçün nəzərdə tutulan təhsil ocağıdır.
Azərbaycanda evdə təhsil SSRİ dövründə də olub. Hazırda evdə təhsil Nazirlər Kabinetinin 10 may 2002-ci il tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”na uyğun həyata keçirilir. Həmin qaydalara görə, evdə fərdi qaydada təhsil alan şagird evdə məktəbə və ya ərazidəki yaxın məktəbə cəlbedilir və onun təlim-tərbiyəsinin təşkili həmin məktəbə həvalə olunur. Onu da qeyd edək ki, ümumtəhsil məktəblərində evdə fərdi təhsilə cəlb olunmuş şagirdlərə dərs deyən müəllimlərin əməkhaqqı ilə ümumtəhsil məktəblərində adi siniflərdə dərs deyən müəllimlərin əməkhaqqı eynidir. Belə ki, müəllimənin bir saat əmək haqqı isə 22.78 AZN-dır.
Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısını sizə təqdim edirik:
1. Somatik xəstəliklər;
2. Nevroloji xəstəliklər;
3. Cərrahi xəstəliklər;
4. Dəri xəstəlikləri;
5. Psixonevroloji xəstəliklər;
Aparılan araşdırmalara əsaslanaraq deyə bilərik ki, təhsilə cəlb olunan əlil uşaqların böyük əksəriyyəti evlərində təhsil alırlar. Bunu yuxarıda qeyd olunan evdə təhsil məktəbinə gedən şagirdlərin sayından da aydın görmək mümükündür. Amma evdə təhsil almaq üsulu müasir dövrdə səmərəli deyil. Çünki əsas məsələ həmin şagirdlərin cəmiyyətə inteqrasiya olunmasıdır, bunun üçün də əlil uşaqlar öz həmyaşıdları ilə birlikdə təhsil almalı və ünsiyyətə girməlidirlər. Bunun üçün isə sağlamlığı məhdud uşaqlar üçün iki məktəb deyil, daha çox məktəb açılmalı, bundan başqa, onların infrastruktur problemləri aradan qaldırılmalıdır. Onların hərəkəti üçün lazımi şərait yaradılmalıdır. Məsələn, həmin şagirdlər üçün xüsusi nəqliyyat ayrıla bilər. Bir sözlə, təkcə məktəb yaratmaqla və ya həmin uşaqları məktəbə cəlb etməklə iş bitmir, onlar üçün kompleks təminetmə olmalıdır. Onların cəmiyyətə inteqrasiyası üçün əsas məsələlərdən biri isə valideynlərin maarifləndirilməsidir.
Qaynar.info
Şərhlər