Ölkə 22:01 19.08.2018

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir? - Dizayn və qiymət fərqləri

Hazırda respublikanın demək olar, bütün orta təhsil müəsssisələrində şagirdlər məktəbə vahid formada gedirlər. Bu, təhsilin keyfiyyətinə müsabət təsir göstərməklə bərabər,  həm də nizam-intizamın yaxşılaşmasına gətirib çıxarır. Amma bəzi məktəblər özünəməxsus məktəbli formasına sahibdirlər.  Bəs bu hal nə dərəcədə qanunauyğun və düzgündür?

Qaynarinfo xəbər verir ki, təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, paytaxtda ümumilikdə, 317 orta məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə 2013-cü ildən etibarən vahid forma tətbiq olunur:

"Məktəbin pedaqoji şurası öncədən müəyyən olunan dizayn və məktəbli formalarının etiketlərini məktəb kollektivi ilə müzakirəyə çıxarır. Məktəb üçün uyğun hesab olunan dizaynda qəbul edilən məktəbli forması həmin tədris ili üçün vahid forma kimi qəbul edilir. Hətta bəzi orta ümumtəhsil məktəblərimiz ibtidai və yuxarı sinif şagirdləri üçün fərqli məktəbli formaları tətbiq edirlər”.

Vahid məktəbli formasının qiymətinin hər məktəbdə fərqli olmasına gəlincə ekspert qeyd edib ki, hər valideyn məktəb tərəfindən təsdiq edilmiş formanın eskizini əldə edərək övladının geyimini istədiyi yerdə tikdirə bilər. Amma formanın təsdiq edilən standartlara uyğun olması şərti ilə.

Mövzu ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarı ilə təsdiq edilən Ümumtəhsil Məktəblərinin Nümunəvi Nizamnaməsinə əsasən, orta təhsil alanların geyim forması hər məktəbin öz nizamnaməsi ilə müəyyən olunur. Yəni, hər məktəb öz şagirdləri üçün vahid geyim  forması tətbiq edə bilər. Həmin prosesə nəzarət də elə məktəbin özü tərəfindən həyata keçirilir.

Qiymətlə bağlı isə valideynlərin ümidi məktəb rəhbərliyinə qalır. Ya təhsil müəssisəsi geyimi münasib qiymətə müəyyən etməli, ya da valideynə eskizi verməlidir ki, ailənin büdcəsi zərər görməsin.