Zahir Əzəmət

Dəfələrlə deyilib, giriş üçün vacibdi deyə, bir yol da mən deyim. 

Azərbaycanda müxalifətçilik hələ də romantik mərhələsini başa vurmayıb. Onların çoxu siyasətə gələndə gənc idealistlər idi- 30 il əvvəl onların romantikası cəlbedici və təbii görünürdü. 

İllər keçdikcə romantika bitdi. Çoxları sərt realllıqla üz-üzə qaldı. Reallıq isə getdikcə dərinləşən, qatılaşan bataqlıqdan başqa bir şey deyildi. Çirkabla dolu bataqlıq. 

İndi hamı, birmənalı şəkildə hamı hansısa dərəcədə bu çirkaba bulaşıb. 

30 il bataqlığın içində, ətrafında dolaşan adamlardan mələk testi götürmək absurddur. Bəlkə də ilk illərdə bu ölkədən vaxtında baş götürüb getməyə fürsət tapanlar özlərini hansısa mənada qorumağa macal tapdılar. Məsələn, Tofiq Qasımov kimi... Amma hətta onun sükutu da bataqlığın boz rəngindədir. 

Hamımız bu çirkaba batmışıq. Birimiz dizə qədər, birimiz xirtdəyə qədər, birimiz isə tamamilə...

Bir çoxlarımız tam batmamaq üçün mümkün saman çöplərindən yapışmağa çalışır, çapalayır, ağzını heç nədən xəbərsiz məsum göy üzünə tutaraq bir udum təmiz hava udmağa çalışır. Heç olmasa ciyərlərini təmiz saxlasın deyə... 

Amma bu da çox zaman mümkün olmur. 

Bəlkə də buna görədir ki, bu gün müxalifətin qarşılıqlı ittihamlarını eşidəndə ciyərlərinə dolan üfunətin iyi adamı uzaqdan vurur. İttiham eləmirəm, bir-birinizin başından basmayın deyirəm. 

Günahkar axtarmıram. hamımız günahkarıq- günahkarsınız deyirəm.

Şeytan axtarmıram, heç birimiz- heç biriniz mələk deyilsiniz deyirəm.

Mələk axtarmayın, mələklər bataqlıqda yaşamır deyirəm.

Saman çöplərinizi paylaşın, bir-birinizə əl uzadın deyirəm.

Bataqlıqdayıq!..

Batırıq!...