Vüsal Bağırlı
İdman 15:45 30.10.2017

Mən Messiylə necə oynadım!?

Vüsal Bağırlı

Əvvəl vaxtımızı səmərəli keçirmək üçün bir neçə nəfər yığılıb, kiçik və uçuq məhəllə meydançasında futbol oynamağa başladıq. Sonradan, oynamaq istəyənlərin sayı birəbeş çoxaldığından, böyük meydançaya keçmək zərurəti yarandı. Beləliklə, artıq neçə illərdir fəaliyyət göstərən, dost-tanışlardan ibarət həvəskar bir məhəllə komandası yaratdıq.

Komandanın təşkilati məsuliyyəti öz üzərimdədir. Həftənin əvvəlindən, məni çətin və məsuliyyətli iş gözləyir - hamını toplamalı, heyəti fomalaşdırmalıyam. Həftəiçi, həvəskar komandamızın üzvləri həyəcanlı anlar yaşayır, "vatsap” və "feysbukum” sual dolu ismarıclardan şişib, partlamaq həddinə çatır. Əvvəlki dövrlərdən fəqrli olaraq, internetin və sosial şəbəkələrin operativ üstünlüyü məni hamıya ayrı-ayrılıqda xəbər göndərmək əziyyətindən xilas edir. Şərti adı "Vətən oğulları” olan qrupa mesencerlə "bu həftə oynuyursanmı?” sözünü yazıb "enter”i basıram - vəssalam-şüttamam, komanda hazırdı.

Hazırda oynadığımız, geniş bir sahəni tutan stadion vahid və böyük meydançadan ibarətdir. Həftəiçi oynayan bizim kimi həvəskar məhlə komandaları üçün ortadan iki bərabər, nisbətən kiçik hissəyələrə bölünüb. 

Ancaq, həftəsonları burda peşəkar oyunlar da keçirilir. Əvvəllər, bu meydançanın fubol üçün o qədər də əlverişli olmayan köhnə "rezin” örtüyü,  sonradan müasir görünüşlü və daha rahat olan süni ot örtüyü ilə əvəz edildi. Amma bu süni örtüyün də yağışlı havada sürüşkən olması kimi mənfi xüsusiyyəti  var.

Oyun günü səhər, idman formamı və butsimi çantama yığıram. Evdə xoşəgəlməz bəzi kiçik təzyiqlərlə üzləşirəm. "Bu yaşda da futbol oynayarlar?” və yaxud "küləkdi, gedib yenə özünü soyuğa verəcəksən?!” Həmişəki kimi, anam narazıdır. Heç nə deməyib, ehmalca aradan çıxıram.

Meydançanın kip örtülmüş dəmir darvazasını açmaq üçün bi az güc sərf etməlisən. Hava toranlaşan kimi yandırılan projektorun ağımtıl parlaq işığı gözləri azacıq qamaşdırır. Yamyaşıl meydança adama, "gəl oyna, qol vur” deyir.

Artıq, on dörd nəfərin hamısı bölgü üçün meydançanın kənarına toplaşıb. Hər biri, 7 nəfərdən ibarət olacaq, iki bərabər güclü komanda yaratmalıyıq. Çalışırıq ki, burda nisbətən güclü və zəif oyunçuların tarazlığı pozulmasın. Vahid forma olmadığından, burada istənilən komandanın və ya oyunçunun formasına rast gəlmək mümkündür: "Qarabağ”, "Qəbələ”, "Real”, "Barselona”, "Qalatasaray”, Messi, Ronaldo, Vüqar Nadirov, Arda. Qısası, aləm bir-birinə qarışıb. Bölgüdən sonra, hər komanda kiçik məşvərət və məsləhətləşmə keçirir, oyunçular mövqelər üzrə vəziyyətlərini dəqiqləşdirirlər. Məlum olur ki, "Messi” ilə bir komandaya, "Ronaldo” ilə rəqib düşmüşəm.

Budur, fit səsi eşidilir və oyun başlayır. Oyunu idarə edən hakim, arbitr olmadığından burda məhəllə futbolunun bütün klassik qayda və spesifik leksikonu tətbiq edilir:

- Vahid qapıçı yoxdur və hər qoldan sonra dəyişir
- Cərimə zərbələri, penal olduqda, yaxud top ələ dəydikdə tez-tez mübahisələr düşür, kimsə cığallıq edir
- Adətən ən sürətli fint və driblinq etməyi bacaran oyunçular hücuma, qabaritli ve texnikası zəif olanlar müdafiəyə meyl edir
- Əgər top meydançadan xeyli kənara düşərsə, onu zərbəni vuran oyunçu gətirməlidir və s.

Nəhayət, qarşılıqlı hücumlar şəraitində keçən bu prinsipial, güzəştsiz idman mübarizəsi sona çatır. Daha çox əzm və iradə göstərən, oyuna konsentrasiya olan komanda qələbə qazanır.

Oyundan sonra, boğucu hamam buxarının kəskin tər iyi ilə qarışdığı "razdevalka”da, əhval-ruhiyyə fərqlidir. Kətil üzərində əyləşib əynimi dəyişir və uşaqları müşahidə edirəm. Uduzan komandanın oyunçuları (təəsüf ki, mən də o siyahıdayam) kefsiz və məyus halda oturub, gözlərini məchul nöqtəyə zilləyirlər. Onlar tərəfdən səs-səmir, hənirti belə gəlmir. Elə bil qurbağa gölünə daş atmısan. 

Digər tərəfdə isə, tam fərqli vəziyyətdir. Ağız deyəni qulaq eşitmir. Qələbə qazanan tərəf yüngül eyforiyanın təsirindən vəcdə gələrək zarafatlaşır, qızğınlıqla və səs-küylə başa çatmış oyunu və sərfəli nəticəni müzakirə edirlər. Kimisi, oyundaşının ötürməsini tərifləyir, digəri yaralı dizini göstərib ufuldayır, özünə qarşı edilən kobudluqdan şikayətlənir...

Ən kütləvi idman növü və milyardlarla izləyicisi olan ecazkar futbol, həm də bir komanda oyunudur. O, yeni emosiyalar gətirir və həyata stimul verir. 
Məşhur futbol mütəxəssisi Arriqo Sakkinin bu sözləri yada düşür: "Bütün vacib olmayan işlərin içində futbol ən vacibidir”. 

Futbol oynayın və sağlam olun!!!

Qaynarinfo.Az