Hüseynbala Səlimov


Uzun illər siyasətdən və ictimai proseslərdən yazmağım istər–istəməz məndə politoloq və sosioloq vərdişləri yaradıbdır. Hətta ən adi məsələləri belə təhlil etməyə, sistemləşdirməyə və özüm üçün müəyyən nəticələr hasil etməyə çalışıram... 


Mənim üçün bu cür daimi araşdırma istiqamətlərindən biri də media ilə bağlı məsələlərdir. Nələrin və necə oxunması ilə bağlı əvvəllər daha çox qəzetlərin tirajı əsasında dolayı şəkildə mülahizə yürütmək məcburiyyətində idiksə, indi internetin imkanları bunu yetərincə sadə bir duruma gətirib - ən azı yazılara "giriş”lərə baxmaqla bəzi qənaətlər əldə etmək mümkündür...


Qənaətimsə budur ki, bizim insanlar ağılıı söz eşitmək və oxumaq istəmir. Özü də bu, tək siyasətlə bağlı deyil. Elə ədəbiyyata, musiqiyə və digər sahələrə də münasibət belədir...


Düzdür, bunun səbəblərini başqa cür yozanlar da var. Məsələn, yaxınlarda bir oxucum–tanışım mənə çox maraqlı bir fikir dedi. Dedi ki, məsələn, sən möhkəm "politoloqluq” edən bəzi məddahları haqlı olaraq lağa qoyursan, amma ad çəkmirsən, halbuki, ad çəksən, yazıların bundan bəlkə də on dəfə artıq oxunar...


Ona heç nə demədim. Bir məsələni çox düz deyirdi – mən elə həqiqətən də ad çəkməyi sevmirəm. Amma bununla bağlı mənim öz mülahizələrim var. 

Bircə anlığa, ani olaraq bizim bəzi nazirlərimizi və məmurlarımızı gözləriniz önünə gətirin və bircə suala cavab verməyə çalışın: bu cür ölkədə  "politoloq”  filankəslər olmayıb, kim olmalıdır ki? Bu cür ölkədə "böyük sənət dühası” filankəslər olmayıb, kim olmalıdır ki? Belə ölkədə "böyük iqtisadçı” filankəslər olmayıb, kim olmalıdır ki?..  


Ona görə də mən konkret ad çəkmirəm, çünki heç nə boş yerdən yaranmır. Ümumi siyasi fon, ümumi idarəçilik və yaxud da hakimiyyət fəlsəfəsi hər şeyi özü müəyyən edir, necə deyər, tələb necədirsə, ona da uyğun təklif yaranır...


O başqa məsələdir ki, belə durumla biz hara gedəcəyik və nəyə nail olacağıq? Təəssüf ki, bu, da yalnız azsaylı patriotların qayğısıdır. Bizim məmurlar hara getdiklərini özləri gözəl bilirlər – hətta nəticələrinin də problemlərini həll ediblər, artıq köticələrilə məşğuldurlar. 


Elə onlar üçün canfəşanlıq edənlər də sadəlövh deyillər. Onlar da öz problemlərini həll edirlər–biri özünə problem yaratmamaq üçün "palaza bürün, elnən sürün” deyir, digərisə bəzi məmurların az qala, düşmən malı kimi taladıqları Azərbaycan adlı "piroq”dan çox kiçicik də olsa, tikə qoparmaq istəyirlər...

Bir sözlə, hamı işini bilir. Hamı nəyə çalışdığının gözəlcə fərqindədir. Bizə isə bütün bunlara baxmaq və içimizdə qovrulmaq qalır. Amma elə biz də heç nə edə bilmirik, çünki özümüz də, necə deyərlər, az aşın duzu deyilik, " Cəhənnəmə ki!..” – deyib birtəhər başımızı girələyirik...   

 

Şərq heç də yekcins deyil – onun da Uzağı, Yaxını, hətta Ortası var. Gəl, məni daha çox qayğılandıran bizim müsəlman Şərqidir...


Müsəlman Şərqində yaltaqlığın, məddahlığın böyük təcrübəsi və ənənələri vardır. Amma bircə düzəlişlə. Keçmişdə şairlər, fikir və bilim adamları heç olmasa, hakimiyyətləri tərbiyələndirməyə çalışırdılar və bunun özü də heç də az iş deyildi...


Amma artıq bu ənənə də itirilibdir. Kimi "Onsuz da dua oxumaqla donuz darıdan çıxmayacaq!” deyərək tamam kənara çəkilib, bir azacıq əvvəldə dediyim ki, başını girələməklə məşğuldur. Daha böyük hissəsi isə lap əldən – ayaqdan gedir, məddahlığın elə nümunələrini yaradırlar ki, adam istər – istəməz düşünməli olur ki, əcaba, bəlkə bu da bir sənət, özü də orijinal bir sənət sahəsidir?..


Bu məsələdə ən ağrılısı isə heç bilirsinizmi, nədir? Hətta Y.Gebbels də buyururdu ki, eyni yalanı təkrar – təkrar deyəndə artıq hamı ona inanmağa başlayır. Məsələn, bəziləri bu ölkədə "böyük alim”, "böyük şair”, "böyük siyasətşünas” və s. təyin olunub. Bu adamlar ekranlardan düşmür və gen–bol təbliğ olunurlar. Artıq özlərinə də elə gəlir, özləri də inanmağa başlayıblar ki, onlar elə sözün əsl mənasındaca "böyük alim”, "böyük şair” və "böyük siyasətşünas”dırlar...


Hətta bu da bəndənizi qətiyyən narahat etməzdi – cəhənnəmə ki... Amma əvvəldə bir məsələni nahaq yerə dilə gətirmədim – təəssüf ki, elə insanlarımız da, cəmiyyətimiz də ağıllı söz eşitmək və oxumaq istəmir... 


İstər–istəməz sən də barışmalı olursan ki, artıq Don Kixotluq etməyə dəyməz, necə deyər, sən də ya palaza bürün və elnən sürün, ya da çıx get lap uzaqlara - qoşul Dünyanın daha tərəqqisevər və kreativ insanlarına...