Siyasət 14:38 21.06.2019

Meriya Elçibəy yürüşünə "yox" dedi, amma ziyarət baş tutacaq (FOTO)

Eks-Prezident Əbülfəz Elçibəyin doğum günü ilə  Fəxri Xiyabanın təxminən 200 metrlik ərazisində planlaşdırılan yürüşlə bağlı Bakı şəhər İcra Hakimiyətinə edilən müraciətə "yox" cavabı verilib.

Bu barədə Qaynarinfo-ya yürüşün təşkilatçısı olan Bəyaz Hərəkatından məlumat verilib.

Məlumata görə, yürüşə öncədən şifahi razılıq verilsə də, ziyarət tədbirinə 3 gün qalmış rəsmi şəkildə icazə verməkdən imtina edilib.

Bəyaz Hərəkatının təşkilat komitəsinin üzvü Həsən Qasımov bildirib ki, yaranmış vəziyyəti nəzərə alaraq, yürüşlə bağlı danışıq apardıqları hər kəsi, bütün Elçibəy sevərləri qabaqcadan elan olunmuş saatda- 24 iyun, saat 11:00-da Fəxri Xiyabanın giriş qapısında toplaşmağa çağırırlar:

"Bakı şəhər İcra Hakimiyyətinin təəssüf doğuran bu qərarına onlardan fərqli olaraq öz siyasi mədəniyyətimizi nümayiş etdirməklə və hər hansı xoşagəlməz halların baş verməsinə əsas verməmək üçün Fəxri Xiyabanın giriş qapısından birgə ziyarətimizi məqbul bildik. Önəmli olan Elçibəyə sevgimiz, yüksək ehtiramımız və birgə ziyarətimizdir".