Vahid Qazi

Kefiniz istəyən qədər yaxşı xasiyyətimizi sanayaram, qurtarmaz. Nə bilim, mehribanıq, yanımcılıq, mərdik, ürəyimiz də açıqdı, əlimiz də filan.

Di gəl, özümüzünkülərə yox! Yada, qırağa. Bu yazıda dərdim bu deyil, bundan danışmıram.

Niyə beləyik, deyə fikirləşirəm. Bir heylə düşünürəm, ağlıma babat, ağlabatan səbəb gəlmir. Ağlıma yalnız bir pis işimiz gəlir, elə pis iş ki, cəmi yaxşılarımızı yuyub aparır.

İsveçə gələndən, dünyanın ən cazibədar model cəmiyyətlərindən birini qurmuş bu "soyuqqəlbli” insanların əhatəsinə düşəndən özümüzü bir ayrı yandan kəşf eləmişəm. Bizim azad ruhluğumuz, əyilməzliyimiz, şərəf-ləyaqət haqda bəlağətli sözlərimiz şirma-örtük kimi gəlir mənə, ruslar "pokazuxa” deyir e, bax, bir növ onun kimi.

Kənar adam cəmiyyətimizi – TV, qəzet-jurnal, toy-yas məclisləri, müşavirə-iclas, konfrans-seminar, bir sözlə, rəsmi, qeyri-rəsmi tədbirlərimizi müşahidə eləsə, deyər: "Bunlarda fitri tərif demək istedadı hardandı belə?”

Bu gün cəmiyyətimizə hakim bir insan duyğusu varsa, o da yaltaqlıqdı. Elə bil, bu duyğuyla nəfəs alırıq, yatıb-dururuq, beynimiz yalnız bunun yeni növlərini axtarmaqla məşğuldu. Orijinal bir şey tapanda uşaq kimi sevinirik. Sanki, həyatda uğur qazanmağımız bu hala, ovqata köklənə bilməyimizə bağlıdı.

Biz yaltaqlığı insani duyğular sırasına çıxarmağı bacarmış xalqıq, o biri duyğuları Tanrı özü verib bizə.

İlahi, biz nə qədər bacarıqlıyıq, yalmanmanın necə kreativ üsullarını tapırıq! Əgər yaltaqlıq elm kimi tanınsaydı, nə bilim, fizika, kimya sayaq və bu elmlə, məsələn, Günəşə uçan aparat düzəltmək mümkün olsaydı, bunu bacarardıq, ciddi deyirəm, düz sözümdü.

Biz heyvan adlarından da bu sözə sinonimlər düzəldə bilən camaatıq, "pişiklənmək” kimi.

Ayrı şeydən danışırdım səki…

***

Ukrayna, Gürcüstan, Moldovadan sonra Ermənistan da Avropa Birliyiylə hərtərəfli və genişləndirilmiş partnyorluq razılaşması adlı sənədi ötən həftə Brüsseldə imzaladı. 2013-cü il sammitində Serj Sarkisyan Rusiyanın təzyiqiylə son anda bu sənədi qollamaqdan imtina eləmişdi.

Ermənistan prezidenti o gün belə deyib: "Bu sazişi imzalamaqla biz göstəririk ki, həm Avrasiya İttifaqının, həm də "Şərq Tərəfdaşlığı”nın üzvü olmaq mümkündür”.



Rusiyadan az qala onun bir quberniyası səviyyəsində asılı olduğunu iddia edib lağa qoyduğumuz Ermənistan bu addımı ata bilirsə, müstəqil, balanslı xarici siyasət yürütdüyünü deyən Azərbaycan, bəs, niyə bu sazişdən qaçır?

2009-cu ildən – Azərbaycan Avropa Birliyinin "Şərq Tərəfdaşlığı” proqramına qoşulandan sürtə-sürtə gəlirik. Niyə?

Yadıma düşür, biz – bir qrup ictimai fəal yığışıb Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi (AAMİK) yaratmışdıq. Bir ara o komitəyə mən də həmsədrlik elədim. Məqsədimiz Azərbaycan hökuməti ilə Avropa Komissiyası arasında ictimai əlaqəçi olmaq, ictimaiyyət adından təkliflər hazırlamaq, bu işə sürət vermək idi. Müxtəlif sahələri əhatə edən 9 komissiya yaratmışdıq. Hökumətimizdən fərqli olaraq, Avropa Komissiyası komitəmizə dəstək verdi, xeyli iş gördük.

Çox keçmədi, başa düşdük ki, bu inteqrasiyanı hökumətimiz istəmir! Rusiyadanmı qorxur, Avropa azadlığını dadan xalqın ruhlanıb çox şey arzulayacağındanmı çəkinir? Gümanın min yerə gedər, ortada olansa bunu – is-tə-mir! Ukrayna, Gürcüstan, Moldovadan fərqli olaraq, bizim hakimiyyət bunda maraqlı deyil.

Nəticə bu gün göz qabağındadı. Onlar Avropanın kandarını keçib, bizsə sərhəddə boylana-boylana qalmışıq.

Almaniyada yaşayan bir dostum o gün gileylənirdi ki, atasıgili qonaq çağırmaq istəyirmiş, viza ala bilməyib. "Amma bu yay gürcülər öz bağlarının gilənar, gilasını gətirib Berlin marketlərində satdırdılar”.

Hələ 2008-ci ildə Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Alan Vaddams rəhbəri olduğum "İnam” Plüralizm Mərkəzinin AAMİK ilə birgə təşkil etdiyi "Azərbaycan – Avropa Birliyi: inteqrasiya üçün effektli əməkdaşlıq mexanizmləri” mövzusunda dəyirmi masada belə demişdi: "Şərq Tərəfdaşlığı” proqramı 6 dövlətin gələcəkdə Avropa Birliyinə üzvlüyə qəbulunun reallaşdırılmasına yol aça bilər. Bunun üçün Avropa qaydaları ilə yaşamağa vərdiş edilməli, yerli qanunvericilik Avropa qanunlarına uyğunlaşdırılmalıdır”.



Yəni, Avropaya qoşulmaq istəyən ölkələrin insanları ilk növbədə vətəndaş olmalıdılar. Vətəndaş hökumətə boyun əyən müti varlığa yox, hökumətləri özünə tabe etdirməyi bacaran şəxslərə deyilir.

İndi Ermənistan Avropya inteqrasiya yolunda ciddi addım atdı. Niyə? Guya Serj Sarkisyan Avropadan ötrü ölür?  Yox! Özünü vətəndaş sayan insanlar onu vadar etdi. Dəxli yoxdu, o vətəndaş ölkə daxilində yaşayır, ya Ermənistanın asılı olduğu diasporadandı.

Bu gün – 1998-ci ildən rəsmən hakimiyyətdə olan "Qarabağ klanı” adlı rejimdə Ermənistan vətəndaşı Yerevanın mərkəzində mitinq keçirəcək, erməni müxalifəti bu ölkənin televiziyasında Sarkisyanı cinayətkar adlandıracaq, parlament fraksiyalarında deputatlar "ölkə Qarabağ klanının əlində girov qalıb” deyəcək qədər azaddı.

Bizim rəsmi mətbuatımızın alay edib bəyənməməsi ilə deyil, göz görən odu ki, düşmənimizin ölkəsində azından-çoxundan demokratiyası da var, Avropaya aparası əsl balanslaşdırılmış xarici siyasəti də.

***

Nədən danışırdım, hə, xasiyyətimizdən.

Yaltaqlıq tək alçalma forması deyil, həm də insan qorxusunun üst geyimidi. Yaltaqlığın əks üzü qorxaqlıqdı. Qorxan adam yalmanır! Çexovun "Məmurun ölümü” hekayəsindən Çervyakovu xatırlayırsınız yəqin. Öz Qurbanəli bəyimizi demirəm heç.

Tanınmış çex heykəltaraşı David Çernı yaltaqlığı insanlığın ən naqis keyfiyyətlərindən sayaraq, ona heykəl ucaldıb. "Yalmanma” adlanan 5 mertlik heykəl Praqanın "Futura” qalereyasında nümayiş olunur. Bu, ikiqat əyilmiş başsız adam heykəlidi. Heykəltaraş bununla demək istəyir ki, yaltaq adamda nə baş olar, nə sima. Bir az bizim şanlı mentalitetə yaddı deyə, heykəlin şəklini dərc etmirəm bu yazıda. Ququlda "David Černý. Brown-nosers” yazıb özünüz taparsınız.

Sözümün canı odu ki, elə bil, yarınmaq genetik halımızdı, atadan oğula, anadan qıza ötürülür.

Deyir, Bülbül zəhmetkeşlərin qabağında konserti bitirəndən sonra belə deyərmiş: "Ay camaat, yaxşı işləyin ki, Bağırovun başı Stalinin yanında uca olsun!” Yaltaqlığın uğurlu formasıdı, deyilmi? Yaxşı sənətkar idi, amma qul xislətli!

Mircəfər Bağırov 20 il Azərbaycana rəhbərlik eləyib. Hərdən gözümə dəyir, onu təmizə çıxarmaq istəyənlərin yazıları. Bilmirəm kim deyib, Bağırov haqda ən doğru deyim budur: "Azərbaycan Stalini + Beriya”. Unutmayaq!



Yaltaqlıq sanki genetik halımızdı dedim, yəqin elə buna görədi, bir xalq kimi – istər evdə ata olsun, istər dövlətdə rəhbər – "üzüyumşaq” başçıları sevmərik, atılıb boynuna minərik. Bizimki zorlu-hallı adamdı, sino gedərik, rəğbət bəslərik, təzim edərik.

Şiə kimi də qəribə şiəyəik, qəlbində Əli rəhmi olana yox, Yezid kimi zalıma biət edərik.

Üç hakimiyyətimizi misal çəkim, onlarla necə davrandığımızı özünüz yada salın. Bilirəm, Azərbaycan Cümhuriyyəti deyəndə elə sizin də gözünüzün qabağına Rəsulzadə gəlir. İki il dözə bildik Rəsulzadələrin bəxş etdiyi azadlığa. Özümüz öz əlimizlə verdik azadlığımızı rusa.

Sovet illərində, irəligetmiş xalqların hələ tam baş açmadığı kompüter texnologiyalarından danışan Vəzirovun da "üzüyumşaqlığı” iki il çəkdi.

Humanist Elçibəyin bəxti heç gətirmədi. Xalq "ürəyiyumşaq” hakimiyyətlə bircə il dolana bildi.

Yerdə qalan hakimiyyətlərə sevgimizi isə özünüz də bilirsiniz, görürsünüz, …yaşayırsınız!

Şimalı Koreyadan video lentlərə baxmamış olmazsınız, ulu öndərlərinə ümumxalq sevgilərinin əyani sübut tamaşalarını deyirəm. Yox, halımızı onlara bənzətmirəm, onların sevgisi saxtadı. Bizim tək səmimi ola bilməzlər!

Həm də onların üz-gözündən rəzillik yağıq. Bizsə qəbula Zülümov kimi ikiqat əyilib girsək də, çıxanda şax çıxırıq, məğrur görkəmdə. Bizim yaltaqlığımızın bənzəri yoxdu dünyada.

Məğrur yaltaqlıq!

Bax, o "ürəkdən gələn səmimi sevgi”lər ölkəsindən – Yalmaniya adlı ölkədən yazacaqdım, huşum getdi, nə bilim, Almaniyaya, …İrəvana, Avropaya filana.

***

Mən tərkibində Qarabağ olan Avropasayaq ölkədə, məğrur yaltaqların yox, azad vətəndaşların vətənində yaşamaq istəyirəm!

Ayrı heç nə istəmirəm!