Ölkə 23:33 13.02.2018

Məscidlərin qeydiyyat problemi: Komitə işə başladı

Azərbaycanda hazırda 2250 məscid var. Onlardan təxminən 1600-ü daim işlək vəziyyətdədir. Digərləri qismən, müəyyən dini bayramlarda, mərasimlərdə fəaliyyət göstərir.

Bunu AzVision.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. Komitə rəsmisi bildirib ki, 1000 məscidə rəsmi din xadimlərinin təyinatı olub. 

"Digər məscidlərin qeydiyyatı və din xadimlərinin təyinatı ilə bağlı işlər gedir. Bu, prioritet məsələlərdən biridir. Hal-hazırda qeydiyyatsız məscidlər məsələsi gündədir. Əksər məscidlər qeydiyyatdadır. Qeydiyyatı olmayan məscidlərlə bağlı iş aparılır. Əsas məsələ onların hüquqi ünvan məsələsidir".

S.Heydərov qeyd edib ki, Azərbaycanın bütün bölgələrində qeydiyyatı tam başa çatmamış məscidlər var. 

"Məscidlərin bəzilərinin tikintisi yarımçıq qalıb. Həmin məscidlərin tikinti başa çatmalıdır. Bəzisi elə yerdə tikilib ki, müəyyən kommunikasiya problemi yaradır, həm də qanunsuz tikilib. Qanuni tikilən məscidlərin hər biri qeydiyyatdadır"