İdman 18:30 19.11.2018

Məşhur bakılıya beynəlxalq təşkilatda yüksək vəzifə verildi

Beynəlxalq Şahmat Federasiyasında (FIDE) Bakıda doğulan Emil Sutovskiyə vəzifə verilib.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, 1977-ci ildə Bakıda doğulmuş, milliyyətcə yəhudi olan E.Sutovski bu qurumda baş direktor vəzifəsində çalışacaq.

Bu qərar 8-10 noyabr tarixlərində FIDE-nin Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş şurasında qəbul olunub.

Əvvəllər Peşəkar Şahmatçılar Assosiasiyasına rəhbərlik etmiş, Azərbaycanın "Odlar Yurdu” komandasının kapitanı olmuş Sutovski yeni vəzifəsində dünya şahmatının inkişafı, dünya çempionatı və sponsor və tərəfdaşlarla iş məsələlərinə cavabdehlik daşıyacaq.

1991-ci ildən İsraildə yaşayan Emil Sutovski FIDE-nin yeni yaradılmış Ümumi Strategiya üzrə Komissiyasının sədri təyin olunub. 

Qeyd edək ki, rusiyalı Arkadi Dvorkoviç oktyabrın 3-də FIDE-nin yeni prezidenti seçilib. "SOCAR Georgia”nın rəhbəri Mahir Məmmədov isə bu qurumun vitse-prezidenti təyin edilib.