Ölkə 12:30 13.03.2014

Məşhur jurnalistin telelayihəsi bağlandı

“Verilişə ayırmağa sadəcə fiziki olaraq vaxtım çatmayacaq”.

Azərbaycanda çox populyar olan “Oralar” telelayihəsi bağlandı.

Qaynar.info Gün.Az-a istinadən xəbər verir ki, bu barədə layihənin telejurnalisti Azər Qərib Facebook-da özünün profilində yazıb.

“Mən rəsmi olaraq “Oralar” layihəsinin bağlandığını elan edirəm. 

2003-cü ilin mart ayından 2013-cü ilin analoji dövrünədək düz 10 il davam edən veriliş Azərbaycan efirində səyahətlər haqqında ilk müntəzəm veriliş oldu, o sevildi, pisləndi, tənqid olundu, nöqsansız olmasa da, özünə tamaşaçı kütləsi toplaya bildi və mən sözsüz ki, bununla fəxr edirəm.

Təqribən 400 buraxılış, 78 ölkə, onlarla şəhər, müxtəlif xalqlar, müxtəlif ənənələr, fərqli simalar.

Əziz tamaşaçılar, mən səmimi qəlbdən sizə minnətdaram ki, bütün bu on il ərzində yanımda oldunuz. Mən həmçinin mənə maneəçilik törədənlərə də təşəkkürümü bildirmək istəyirəm ki, siz məni daha güclü və qətiyyətli etdiniz.

Mən “Oralar” üzərində işimi təkcə bu maneələrə görə dayandırmıram. Perspektivdə, sözsüz ki, onlar aradan qaldırılacaqdı. Lakin həm də hər şeydən əvvəl məni qarşıda “Baku Media Center” çərçivəsində yeni layihə üzərində iş gözləyir və mənim “Oralar” verilişinə ayırmağa sadəcə fiziki olaraq vaxtım çatmayacaq.

“Oralar” verilişinin bütün arxivini əməkdaşlarım internetə yükləməkdə davam edəcəklər və düşünürəm ki, bu, tez bir zamanda baş verəcək.

Hamınıza göstərdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm!”, - A.Qərib yazıb.

Qaynar.info