Maqazin 20:11 28.10.2014

Məşhur qadın alverçisi Dubaydan Azərbaycana gətirildi

İnsan alveri ilə məşğul olmaqda ittihan edilən və son 7 il İnterpolun qırmızı xətti üzrə axtarışında olan Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Həsənova Almaz Sarı qızı Birləşmiş Ərəb Əmirliklərinin Dubay əmirliyində saxlanılıb və daha sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşlarına təhvil verilib.

Qaynar.info xəbər verir ki, bu barədə Vesti.Az-a Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsində bildiriblər.

İnsan Alverinə qarşı Mübarizə İdarəsinin məlumatına əsasən, A.Həsənova BƏƏ-də cinayətkar qrupa başçılıq edib. O, təkcə qadınları fahişəliyə cəlbetmə fəaliyyəti ilə məşğul olmayıb. A.Həsənova tabeliyindəki fahişələri ərəb müştərilərindən oğurluq etməyə də məcbur edirmiş.

A.Həsənova azərbaycanlı qadınları aldadaraq BƏƏ-ə aparıb, sonra onları cinsi istismara məruz qoyub. Daha sonra isə o, qurbanlarını digər qadınları da bu işə cəlb etməyə məcbur edib. Hazırda yaxalanmış qadına açılmış cinayət işində 3 qurbanın adı hallanır. Həmçinin mütəşəkkil cinayətkar qrupun daha 2 üzvü A.Həsənova ilə əlbir olduğuna görə saxlanılaraq məsuliyyətə cəlb edilib. Saxlanılan şəxsin məhkəməsi yaxın günlərdə başlayacaq.

Qeyd edək ki, qrupun digər üzvləri BƏƏ-nin hüquq mühafizə orqanları tərəfindən axtarılır və yaxın zamanlarda onlar da cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Qaynar.info