Video 12:13 27.11.2017

Məşhur serialda Azərbaycan səhnəsi: "Bu bayraq da bizimdir" (VİDEO)

Ötən gecə Türkiyənin FOX telekanalında yayımlanan və Azərbaycanda da maraqla izlənilən "Savaşçı” serialının 22-ci bölümü yayımlanıb.

Qaynarinfo xəbər verir ki, serialın bu seriyasında Azərbaycanla bağlı səhnə diqqətləri çəkib. 

22-ci seriyada Şimali İraqda azərbaycanlı mühəndislərin qaçırılmasından bəhs edilib. Türk ordusunun yüksək rütbəli komandirlərinin də iştirakı ilə Azərbaycanın Türkiyədəki Konsulluğunda keçirilən iclasda xilasetmə üçün göndərilən Azərbaycan xüsusi təyinatlılarına türk hərbçilərin yardım etməsi barədə razılıq əldə edilir.

Əsgərlərinə əməliyyat tapşırığı verən türk komandiri həmçinin onların qollarına Azərbaycan bayrağı vurması barədə göstəriş verir. Qeyd-şərtsiz icra edilən komandadan sonra türk komandiri üzünü əsgərlərinə tutaraq "Qolunuza vurmanızı istədiyim bayraq başqa ölkənin bayrağı olsa, qəbul edərdiniz?”, - sualını verir. Komandirin bu sualı qarşısında əsgərlər tək-tək "xeyr” cavabını verir. Bu zaman əsgərlərini ruhlandıran komandir Azərbaycan bayrağı barədə "Bizim bayrağımız” ifadəsini səsləndirir.

Bölümün sonunda isə Azərbaycan mühəndislərini qaçıran terrorçu xəritədə Azərbaycan və Türkiyəni göstərərək deyir:

"Azərbaycan və Türkiyə, bunlar hər ikisi birlikdə gülürlər, birlikdə ağlayacaqlar”.