Dünya 16:10 20.11.2017

Məşhur seriyalı qatil vəfat etdi

Dünya şöhrətli amerikalı qatil və sabiq dini cərəyan başçısı Çarlz Manson 83 yaşında dünyasını dəyişib.

"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, Manson Kaliforniyada yerləşən Beykəsfild xəstəxanasında dünyasını dəyişib. 

Çarlz Mansonun rəhbərliyi ilə hərəkət edən dini sekta üzvləri 1969-cu ildə bir evə daxil olaraq 5 nəfəri qətlə yetirdi. Qətlə yetirilənlər arasında dünya şöhrətli rejissor Roman Polanskinin hamilə arvadı aktrisa Şaron Teyt də var idi. Növbəti gün isə Los Ancelesdə varlı cütlük "Manson ailəsi" tərəfindən öldürüldü. 

Seriyalı qatil davamçılarını inandırmışdı ki, o İsa Peyğəmbərin reinkarnasiyasıdır. O, xüsusi narkotik tərkibli maddələr və xarizmasından, ideyalarından istifadə edərək xüsusilə gənc qadınları sektasına cəlb edə bilirdi. ABŞ-da irqi münaqişənin mövcudluğuna inanan və bu problemin daha da şiddətlənməsinə çalışan Çarlz Manson 1971-ci ildə ölüm cəzasına məruz qoyulub, lakin sonradan qərar ömürlük həbslə əvəzlənib. 

Qatil ölümünə qədər 12 dəfə şərti azadlıq üçün müraciət edib, lakin rədd cavabı alıb. 

Gülşən
Qaynarinfo.Az