İdman 15:40 17.10.2019

Messi: “Başqa bir vərdişim də var, amma onu demək istəmirəm...”

Qaynarinfo Lionel Messinin "Marca” və "Fanatik”ə verdiyi geniş müsahibəni təqdim edir:

- Kriştiano Ronaldo və İbrahimoviç özlərini tərifləyirlər. Siz isə bunu etmirsiniz...
- Özümü tərifləməyi deyil, insanların mənim haqda danışmalarını üstün tuturam. Mən özüm kiməm, nə etmişəm və nəyə qadir olduğumu yaxşı bilirəm. Lakin bütün bunları özümdə saxlayıram. Özüm haqda danışmağı xoşlamıram.

- Keçmişə baxdıqda nələr düşünürsünüz?
- Uzun illər peşəkar oyunçu kimi çıxış etdiyinizə görə, keçmişə baxmağa heç bir şansınız olmur. Ümumi götürəndə sən indiki vəziyyətinlə yaşayırsan. Nələr etdiyini deyil, nələr edə biləcəyin haqda fikirləşirsən. Təəssüflər olsun ki, futbolda sevinməyə çox vaxtımız olmur. Çünki hər 3 gündən bir qarşınıza yeni hədəflər çıxır. Ancaq bir gün karyeramı başa vuranda, keçmişdə baş verənləri yada salmağa vaxtım olacaq və bütün edilənlərlə qürur duyacağam.

- "The Best 2019" mükafatının qalibi oldunuz. Övladlarınızın buna reaksiyası necə oldu? Sevindilər?
- Əlbəttə. Çox xoşbəxt idilər. Mərasim bir qədər uzun çəkdiyinə görə, çox yorulmuşdular. Mənimlə hər zaman qürur duyduqlarını bildirdilər. Mükafat qazandığım zaman mənimlə birgə səhnəyə çıxdıqlarına görə də çox sevinirdilər.

- Tiaqo və Mateo digər oyunçular haqda nə düşünürlər?
- Onların futbola olan sevgiləri tamam başqadır. Bütün futbolçuları tanıyırlar. Televizordan bir çox komandanın oyunlarını izləyirlər. Futbola aid kartları var və bütün oyunçuları oradan tanıyırlar. Bir az utancaq olsalar da, mövzu futboldursa, buna qarşı ayrı hisslər yaşayırlar.

- Övladlarınız haqda nələr söyləyə bilərsiniz?
- Mateo tamamilə başqa xüsusiyyətə malikdir. Hər zaman yeni şeylər etməyə çalışır. Hər üçü də mənim üçün xüsusidir. Hər birinin özünəməxsus xasiyyəti var. Əgər Mateo haqqında çox danışsam, o birilər üstümə gələr! Tiaqo artıq 7 yaşındadır. Bir çox şeyləri dərk edir. Siro isə elə Mateo kimidir, bəlkə də ondan pisdir (gülür). Zamanla görəcəyik.

- Boş vaxtlarınızda evdə nə işlə məşğul olursunuz?
- 3 övladınız varsa, evdə boş vaxtınızın olması müşkül məsələdir. Evdə hər birimiz hər andan zövq almaq üçün çalışırıq. Övladlarımla birlikdə televizor izləyirəm və video oyunlar oynayıram.

- Bu il zədə səbəbilə bir çox oyunlarda iştirak edə bilmədiniz. Bədəniniz sizə daha çox dincəlməli olmaqla bağlı xəbərdarlıqmı verir?
- Burada əsas olan özünüzü necə hiss etməyinizdir. Əgər özünüzü 25 yaşındakı kimi hiss edirsinizsə, eyni şeyləri etməkdə davam edəcəksiniz. Ancaq diqqətli olmalısınız. Bu şərtdir. Özümü hər zaman eyni səviyyədə saxlamaq üçün həm oyunlar, həmdə məşqlərdə ayrı metodlar üzərində çalışıram.

- "Qızıl buts” qazanmağınız adət halını alıb...
- Arzum klub səviyyəsində qazana biləcəyimiz qədər kubok qazanmaqdır. Çempionlar Liqasını yenidən qazanmaq istəyirəm. Onsuz da böyük turnirləri qazanmaq, fərdi mükafatlara da yol açır.

- Çox vaxt etdiyiniz vərdişlər nələrdir?
- Bir çox vərdişlərim var. Yatmazdan əvvəl yemək masasını səhəri gün üçün mütləq hazırlamalıyam. Masa ətrafında hər kəsin yeri bəllidir. Hər kəs eyni yerdə oturur. Evə girəndə öncə sağ ayaqqabımı çıxardıram. Başqa bir vərdişim də var. Amma onu demək istəmirəm.

- Kriştiano sizə "Barsa”dan başqa bir yerdə də çıxış etməli olduğunuzu demişdi. Onun dediyini edəcəksinizmi?
- Hər kəsin hədəfləri və təcrübə yığmaq istəyi olur. Amma mənim heç bir halda dünyanın ən yaxşı klubundan ayrılmaq istəyim olmadı. "Barsa”nı sevirəm.

- Yarımmüdafiəçi kimi inkşaf etməyiniz?
- Bunu dəqiq bilmirəm. Bu, əsasən vəziyyətdən asılı olan bir şeydir. Ümumi götürəndə, topla və yarımmüdafiəçilərlə daha çox təmas yaratmaq üçün arxaya çəkilirəm. Bilmirəm gələcəkdə necə olacaq.

- Karyeranızı neçə yaşa qədər davam edəcəksiniz?
- Bunu zamanla biləcəyəm. Davam edib-etməməyimlə bağlı ilk olaraq özüm deyəcəyəm.

- İndiki "Barsa” ilə Qvardiolanın vaxtındakı "Barsa” arasında fərq nədədir?
- Qvardiolanın zamanından uzun illər keçib. İndi komandada yeni oyunçular var. Həmin dövrdən isə cəmi 3-4 oyunçu qalıb.

- Hər şeyi qazanmısınız, bircə "Puşkaş” mükafatınız çatmır. Bu barədə fikirləriniz?
- Hər zaman demişəm. Fərdi mükafatlar hədəfimdə yoxdur. Nə "Ballon d'Or”, nə "Qızıl buts”, nə də "Puşkaş”. "Puşkaş”ı qazansam, yaxşı olar, qazanmasam heç nə olmaz. Mənimçün fərqi yoxdur.

Alpər