Siyasət 22:00 16.05.2013

Məsuliyyəti Azərbaycan və Ermənistanın üzərinə atdı

AŞPA sədri: “Onlar öz sədrlikləri dövründə yalnız bir-birinə qarşı lazımsız tənqidlər edəcəklərsə, bununla heç nəyə nail olmaq olmaz”      

Bu gün Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) 123-cü toplantısında qurumdakı sədrliyin Ermənistana keçməsi ilə əlaqədar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Jan-Klod Minyon da çıxış edərək, Dağlıq Qarabağ probleminə və Avropa Şurasında iki ölkə arasındakı münasibətlərə toxunub.

Toplantıdan sonra APA-ya açıqlamasında AŞPA sədri hazırda həm Ermənistan və bir ildən sonra Azərbaycanın AŞNK-dəki sədrilklərindən müsbət gözləntilərinin olduğunu söyləyib.

“Mənim arzum odur ki, bu gün Ermənistan və daha sonra Azərbaycan təşkilatımızın tarixində ilk dəfə olaraq AŞNK-dəki bu vəzifələrindən yararlansınlar və nəhayət Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını birgə axtarıb tapsınlar. Bildiyiniz kimi, 1949-cu ildə yaradılmış bu təşkilatın məramlarından biri də hər növ münaqişə və müharibələrə qarşı mübarizə aparmaqdır və Avropa Şurasının bu iki üzv dövləti arasındakı Dağlıq Qarabağ münaqişəsini də bu ölkələr özləri aradan qaldırmaq üçün çalışmalıdır. Amma əlbəttə ki, dediyimin əksinə olaraq, həm Ermənistan həm də Azərbaycan öz sədrlikləri dövründə yalnız bir-birinə qarşı lazımsız tənqidlər edəcəklərsə, o zaman bununla heç nəyə nail olmaq olmaz”.