Vüsal Bağırlı

Metrodan hər gün yüz minlərlə adam istifadə edir. Şəhər əhalisinin əksəriyyəti ay ərzində onunla bu və ya digər şəkildə təmasda olur. Yolların, prospektlərin basabası, tıxacı fonunda bura indi paytaxtın bəlkə də ən vacib nəqliyyat vasitəsidir.

Fəqət, yeraltı dünyada son zamanlar problemlərin, ekstremal vəziyyətlərin artması müşahidə olunur. Metropolitendə mütəmadi qəza vəziyyətləri, kiminsə özünü relslərin üzərinə atması, hansı qatardasa nasazlıq baş verməsi, tuneldə ilişib qalması, bilinməz, naməlum səbəblərdən haradasa ləngiməsi, metro keçidlərini su basması saytların gündəlik informasiya sütununun vazkeçilməz məlumatlarına çeviriib.

Elə noyabrın 19-u səhər saat 07.00 radələrində "Bakı Metropoliteni"nin Bənövşəyi xəttinin "Memar Əcəmi-2" stansiyasında yaşanan həyəcanlı anlar da bu tip hadisələrdəndir. Xəbərə görə, "həmin saatda növbədə olan maşinist Rəmzi Rüstəmov qatarı "Avtovağzal" istiqamətində hərəkət etdirmək üçün platforma ilə sonuncu vaqona doğru hərəkət edərkən, sərnişin axınına məruz qalıb.

Bu vaxt maşinist iki vaqonun arasına düşüb. Xoşbəxtlikdən sərnişin və metropoliten əməkdaşlarının dərhal verdiyi reaksiya ilə R.Rüstəmov 825 voltluq təmas relsinin üstünə düşməkdən son anda qurtulmağı bacarıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. İlkin məlumata görə maşinistin qolu qırılıb.”

Burada suallar meydana çıxır.

"Sərnişin axını” nə deməkdir? 

Maşinistin qolu necə qırıla bilər axı?

Qatarları idarə etməyə, sərnişinləri sağ-salamat mənzil başına çatdırmağa məsul olan şəxs də xəsarət alırsa, burada hansı təhlükəsizlikdən danışmaq olar?

Bəli, ilk baxışdan belə tədbirlərin artığını müşahidə edirik. Bir çox yerlərdə, kameralar və müxtəlif müşahidə cihazları quraşdırılıb (hərçənd, onların nə dərəcədə saz və işlək vəziyyətdə olması naməlumdur). Hətta, qəza baş verdikdə, müvafiq təhlükəsizlik qüvvələrini xəbərdar etmək üçün "SOS” adlı qəribə qurğu da var.

Lakin, bütün bunlar insanlarda tam əminlik  hissi yaranmasına kifayət etmir.

Elə, giriş turniketlərinin yanında dayanan polis işçiləri də əllərində tutduqları qəribə səs çıxaran qurğularla nədənsə daha çox, gənc qadınların, cavan tələbə qızların çantalarını yoxlamağa meyl edirlər. 

Yekun olaraq, bizə yalnız bunları demək qalır, "bəs bütün bunlara  nə vaxt son qoyulacaq?