Ölkə 14:49 27.04.2013

Millət vəkili Misir Mərdanov haqda nələr yazdı? - KÖŞƏ

Elmira AXUNDOVA,
millət vəkili, yazıçı-jurnalist


Bu gün cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri Təhsil Nazirliyində rəhbərliyin dəyişməsidir.

Bu da təbiidir, çünki təhsil hamımız üçün çox mühüm sahədir. Hər birimiz ya şagird, ya tələbə, ya müəllim, ya da ən azı şagird-tələbə valideyniyik. Odur ki, təhsildə baş verənlər bizi yaxından maraqlandırır.

Hələ 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən təhsil naziri təyin olunmuş Misir Mərdanov hökumətin qocamanıdır. Məncə, vəzifədə işlədiyi 15 il özünü doğrultmaq, qabiliyyətini ortaya qoymaq, rəhbərlik etdiyi sahədə zəruri islahatları həyata keçirmək üçün yetərli müddətdir. Onu da deyim ki, bəzi bədxahlarının dediklərinin əksinə olaraq Misir Mərdanov bu istiqamətdə xeyli iş görə bilib. İşimlə bağlı həm özü ilə, həm də əməkdaşları ilə tez-tez ünsiyyətdə olduğum üçün bunu qəti söyləyirəm.

Misir Mərdanov nazir vəzifəsinə artıq yetkin rəhbər kimi gəlmişdi, özü də ta gənc yaşından təhsil sahəsilə bağlı insandır. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib aspiranturaya daxil olan Misir müəllim 70-ci illərin ortalarında həmin fakültədə dərs deyib, namizədlik dissertasiyasını müdafiə edib, 1979-cu ildə dekan müavini işləyib, qəbul komissiyasının üzvü olub. Belə ki, o dövr ölkədəki təhsil sistemi sahəsində görülən işlər onun gözü qarşısında baş verib.

O zamankı ən böyük nailiyyətlərdən biri SSRİ universitetlərinə qəbulun səlis sistemlə aparılmasıdır. Misir müəllimin özü 1984-cü ildən 1986-dək universitetin bu məsələyə dair məsul şəxsi işləyib. 1992-ci ilin əvvəlində təhsil nazirinin müavini vəzifəsində çalışan M.Mərdanov Əbülfəz Elçibəy hökuməti gələndə istefaya göndərildi və əvəzində Bakı Dövlət Universitetinin prorektoru, ya da Gəncə Pedaqoji İnstitutunun rektoru vəzifələrindən birini seçmək təklifi aldı. Təbii ki, birinci variantı seçib o zaman Firudin Səməndərovun rəhbərlik etdiyi “doğma” universitetə qayıtdı.

1996-cı il oktyabrından universitetin rektor əvəzi işləyən Misir müəllim 1997-ci il 17 fevral tarixindən rektor oldu, 1998-ci il martın 25-də isə prezident Heydər Əliyev tərəfindən nazir vəzifəsinə təyin edildi. Sabiq nazirin qulluq yolunun təfərrüatlarına belə bələd olmağım hələ “Heydər Əliyev. Şəxsiyyət və dövr” kitabı üzərində işləyərkən Misir müəllimlə ətraflı söhbət etməyimlə bağlıdır. Yeri gəlmişkən, M.Mərdanov 90-cı illərdə ilk olaraq BDU-da Heydər Əliyev Muzeyi, habelə ümummilli liderin irsinə dair açıq məşğələlərin keçirildiyi Heydər Əliyev məktəbi yaratmışdı.

Yeni nazirə ölkə başçısının elə ilk tapşırıqlarından biri özəl universitetlərdəki vəziyyəti, həmçinin onlara lisenziya verən Nazirlər Kabineti nəzdində Dövlət Ali Ekspert Komissiyasının fəaliyyətini araşdırmaq barədə olmuşdu. Belə ki, həmin sahədə o vaxtlar çoxlu əyintilər mövcud idi. Artıq 30 mart 1998-ci il tarixində Azərbaycan Respublikası Təhsil İslahatı Komissiyası yaradıldı, sədri də Misir Mərdanov təyin olundu. Bir il ərzində komissiya tərəfindən ölkədə məktəbəqədər təhsildən tutmuş ali təhsilədək bütün sahələr üzrə təhsil islahatına dair hazırlanmış proqram layihəsini rəsmi səviyyədə iki dəfə müzakirə edildi, bu işə Dünya Bankı da qoşuldu. Nəhayət, 1999-cu ilin 15 iyun tarixində - Milli Qurtuluş günündə proqram təsdiqləndi. Proqramın əsas qayəsi istedadlı uşaqların təlimində dönüş yaradacaq yeni təhsil müəssisələrinin yaradılmasıdır. Bir müddət sonra isə “Azərbaycan Respublikasında gənc istedadlara dövlət qayğısı haqqında” prezident fərmanı imzalandı, müvafiq olaraq da istedadlı uşaqların Qırmızı Kitabı, belə uşaqlar üçün xüsusi prezident təqaüdü təsis edildi. Artıq 1993-cü ildən dövlət büdcəsinin təhsil xərcləri artmağa başladı.

Misir Mərdanovla söhbətimiz zamanı belə sual verdim:
«Heydər Əliyevin təhsillə bağlı ən böyük ağrısı, ən böyük arzusu nədən ibarətdi?»
Cavabı belə olmuşlu “Heydər Əliyev həmişə deyərdi ki, ən başlıca məsələ Azərbaycan dili və tarixinin tədrisini layiqli səviyyəyə çatdırmaqdır. Qədim zamanlardan günümüzədək yeni tarix dərslikləri yaratmağı, bu işə ən mötəbər alimləri, mütəxəssisləri cəlb etməyi məsləhət bilirdi. 2000-ci ildə Bakının Nərimanov rayonundakı 82 nömrəli məktəbə gəlmişdi. O zaman Azərbaycanda dərslikləri yaxşı tərtibatda nəşr etdirmək üçün lazımi imkanlar olmayıb, məktəblərin də çoxunun vəziyyəti ürəkaçan deyildi.

Kitablardan birini vərəqlədi. Yanında Prezident Katibliyinin rəhbəri Dilarə Seyidzadə, Prezident Aparatı humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə durmuşdular. Birdən qiyamət qopdu. Heydər Əliyev möhkəm hirslənib orta məktəb dərsliklərinin istər məzmunu, istərsə də tərtibatından son dərəcə narazı qaldığını dilə gətirdi.

Hamı dağılışandan sonra nazirliyə gəlib təcili müşavirə keçirdim, tədbirlər planı müəyyənləşdirdik. Və elə ertəsi gün prezident Heydər Əliyevin xüsusi sərəncamı ilə orta məktəb dərsliklərinin nəşri üçün vəsait ayrıldı”.

Bəli, dərsliklərimizlə bağlı istər mütəxəssislərin, istər müəllimlərin, istərsə valideynlərin elə bu gün də ciddi və haqlı narazılıqları var. Amma insafən deməliyik ki, cəmi 10-12 il əvvəl bu iş əslində sıfırdan başlanırdı. Ötən müddət ərzində müstəqil Azərbaycan gerçəkliyinə uyğun gələn yeni proqramlar çərçivəsində onlarla, yüzlərlə yeni dərslik yazılıb. Dərsliklər təkmilləşdirilməlidir və bu istiqamətdə az qala hər il iş gedir. Hərçənd məktəblərimiz qısa müddət ərzində bütün fənlərə və səviyyələrə dair yerli dərslik və dərs vəsaiti əldə edibsə, bu, xeyli dərəcədə təhsil nazirimizin əməyidir.

Yeni dərsliklərlə bağlı görülən işləri Misir müəllim belə xatırlayırdı:

“Yadımdadır, o il orta sinif şagirdləri üçün «Azərbaycan tarixi» üzrə yeni dərsliklərin nəşrilə bağlı məsələlərlə bir neçə ay məşğul olmuşdum. Başqa dərsliklərin də bir çoxu böyük dəyişikliyə məruz qaldı. Yəni prezidentimiz həmişəki kimi haqlı çıxdı. O, doğrudan da dahi insan idi. İstər məni, istərsə də komandasından bir başqasını nə qədər danlasa, nə qədər tənbeh etsə də, əmindim ki, danladığı adama rəğbəti var. Çünki həmin adamdan daha çox şey umduğu üçün hirslənirdi.

Tarix dərsliklərindən söhbət düşəndə mənim 2000-ci ilin əvvəlində Hollandiyaya səfərim yada gəlir. Oraya Dünya Bankı xəttilə təhsil islahatı sahəsində Hollandiya və Böyük Britaniyanın təcrübəsini öyrənmək üçün getmişdim. Bu ölkələrin hər birində azərbaycanlılarla da görüşlər keçirməyə çalışırdım. O vaxt Hollandiyada səfirliyimiz olmadığına görə Almaniyadakı səfirimizdən xahiş etdim ki, Hollandiyadakı Türkiyə səfirliyi vasitəsilə azərbaycanlıları toplasın və mən də onlarla görüşüm. Türkiyə səfirliyinin binasında bizə haradasa iyirmi nəfərlik bir otaq ayırdılar. Amma xeyli adam toplaşdı, o cümlədən Xalq Cəbhəsi dövründə ölkədən gedənlər, həmçinin Heydər Əliyevə müxalifətdə olanlar da vardılar. Mən də Azərbaycan dili, tarixinə dair kitablar aparmışdım. Bir qadın ayağa qalxıb çox sərt tərzdə Azərbaycan tarixini Əliyevlərin tarixinə döndərdiyimizi bildirdi. Mənim də əlimdə 11-ci sinif üçün «Azərbaycan tarixi» dərsliyi vardı. O qadını yanıma çağırıb yanımda otuzdurdum, dedim: “Buyurun, bu Məhəmməd Əmin Rəsulzadə, bu Əlimərdan bəy Topçubaşov, bu da Fətəli xan Xoyski. Onların hər birinin tarixdə öz yeri var, indiki prezidentimizin də”.

Heyrətlə soruşdu: “Bu, bizim dərslikdir?” Qayıtdım ki, “Bəli. Heydər Əliyev bizə tarixi olduğu kimi yazmağı əmr edib”.
Ayrı-ayrı dərsliklərinin ilk nüsxələrini gətirib prezidentimizə göstərirdim. O da işləri başından aşdığına baxmayaraq hamısına diqqət yetirirdi”.

Yeni məktəblərin tikintisi, mövcud olanların əsaslı təmiri, müasir avadanlıqla təchiz olunmasına dair proqram da nazirlikdə Heydər Əliyevin təşəbbüsü ilə ərsəyə gətirilmişdi. Nəhəng miqyaslı işdir!

Sonradan Misir müəllim mənə danışırdı:

“Gecələr də yatmırdıq, hansı məktəblərin ilk növbədə təmirə ehtiyacı olduğunu, harada yeni məktəblər, yaxud dərslər iki-üç növbədə keçirildiyi yerlərdə yeni məktəb korpusları tikilməlidir deyə götür-qoy edirdik. Proqram 2003-cü ilin əvvəllərində təhvil verildi və elə həmin il də prezident Heydər Əliyev tərəfindən təsdiq olundu. Məktəblərin yenidən qurulması, müasirləşdirilməsi o vaxtdan başladı və bu gün də uğurla davam etdirilir. Bu böyük işlər ümummilli liderimizin adı ilə bağlıdır”.

1998-ci ildə keçirilən, Heydər Əliyevin proqram nitqi söylədiyi müstəqil Azərbaycanın ilk müəllimlər qurultayının hazırlanması və təşkilat işlərinə də Misir Mərdanov rəhbərlik edib.

Təhsil Nazirliyinin təşəbbüsü ilə hər il ilin ən yaxşı məktəbi və ilin müəllimi fəxri adlarının verilməsi haqqında qərarlar verilmişdi. Bu adlar ölkə təhsil müəssisələri üçün ciddi motivasiya yaratmışdı. Azərbaycanda orta və ali təhsil müəssisələrinin zahiri və daxili görkəminin necə dəyişməsindən, bir çox ucqar kəndlərin belə məktəblərində otaqların müasir səviyyədə təchiz olunmasından, Azərbaycan universitetlərinin geniş beynəlxalq əlaqələrindən, bir çox universitetlərdə həyata keçirilən tələbə və elmi mübadiləyə dair zəngin proqramlardan uzun-uzadı bəhs etmək olar. Təbiidir ki, bütün bu müsbət yeniliklər Misir Mərdanovun dəstəyi, təəssübkeşliyi ilə baş tuturdu.


Sabiq nazirin mühüm nailiyyəti

Şəxsən mənim fikrimcə sabiq nazirin mühüm nailiyyətlərindən biri özəl universitetlərdə qayda-qanun yaratması oldu. Daha əvvəl bu problemlə sələfi Lidiya Rəsulova da cəsarətlə mübarizə aparıb. Belə ki, 90-cı illərin əvvəlində özəl universitet və filiallar açmaq dəbə minmişdi, kiçik bir ölkədə sayları yüzü aşmışdı. Hərəsini müxtəlif məmurların, nüfuzlu şəxslərin himayə etdiyi bu əldəqayırma “təhsil” müəssisələrini bağlamaq üçün hər iki nazirin necə məşəqqətlərə qatlaşdığını təsəvvür etmək o qədər də çətin deyil. Nə isə, o dövr keçdi, bu gün Azərbaycanda cəmi 14 özəl ali məktəb fəaliyyət göstərir.

Sabiq nazirin özünün isə fikrincə, “ən ciddi nailiyyətimiz dərsliklərlə bağlıdır. Hələ sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi vaxtlar Heydər Əliyev birinci sinifdən onuncuyadək bütün şagirdlərə dərsliklərin pulsuz verilməsi barədə qərar vermişdi. Belə də olurdu. Sonradan Xalq Cəbhəsi hakimiyyətə gəlib bu qaydanı ləğv etdi. İkinci dəfə respublikanın rəhbərliyinə qayıdandan sonra da Heydər Əliyev böyük çətinliklə də olsa vəsait tapıb bu məsələni həll etmişdi”.

Başqa nailiyyət kimi Misir müəllim Heydər Əliyevin dövründə dövlət ali məktəblərində pulsuz təhsillə yanaşı ödənişli qrupların yaradıldığını görür. “Bu qərar Heydər Əliyev tərəfindən 1993-cü ilin axırında verilmişdi, 1994-cü ildən də ali məktəblər ödənişli qruplardan pul qazanmağa başladı. Beləcə universitetlərin maddi texniki bazasını gücləndirmək, müəllimlərə əlavə məvacib vermək imkanı əldə etdik, ali məktəblərdən müəllim axını azaldı”.

Belə ki, ötən 15 il ərzində təhsil nazirinin gördüyü işlərdən çox danışmaq olar. Bununla belə, müəyyən obyektiv və subyektiv səbəblər üzündən edə bilmədiklərindən də. Təəssüf ki, bəzi dərsliklərin səviyyəsi, müəllimlərin peşəkarlığı, təhsil proqramların məzmunu arzuladığımızdan uzaqdır. Kadr seçimində də nöqsanlar aradan qaldırılmayıb. Ümidvarıq ki, Misir müəllimin gənc xələfi bütün bu məsələlərin öhdəsindən layiqincə gələr.

Məncə, Misir Mərdanovun vəzfəsiylə vidalaşmasında gizli məqam axtarmaq, əlalxüsus da bunu faciəyə çevirmək yersizdir. Belə ki, sabiq nazir nüfuzlu alimlərimizdəndir və hər halda işsiz qalmaz. Ümumiyyətlə, vəzifəli şəxslərin işdən çıxmasını labüd, məntiqi, normal bir hadisə kimi qəbul etməyi öyrənməliyik. Biz orta və yaşlı nəsil nümayəndələri tutduğumuz vəzifə nə olursa olsun, bir gün əyləşdiyimiz kürsünü gənclərə təhvil verməliyik. Həm də təhsilli, savadlı gənclərimiz az deyil.

İnşallah həm sabiq nazir Misir Mərdanova, həm də onu əvəzləyən gənc Mikayıl Cabbarova hər kəs hörmət və ehtiram göstərəcək. Hərçənd çox istərdim ki, nəhayət bizim cəmiyyətdə kadr dəyişkənliyinə dair sağlam düşüncə, vəzifədən gedənləri ətraflarında hay-küy qoparmadan, daşqalaq etmədən yola salmaq vərdişi bərqərar olsun.

kaspi.az