İdman 13:34 26.08.2019

Milli komandalarımıza ən çox futbolçu verən klublar (ARAŞDIRMA)

Sport7.az klublarımız və milliyə dəvət alan futbolçuları ilə bağlı maraqlı araşdırma aparıb. 

Yazıda hansı klubun həm əsas komanda, həm də aşağı yaş qruplarından millimizə neçə futbolçu göndərdiyindən bəhs edəcəyik. 

Onu da qeyd edək ki, araşdırma AFFA-nın rəsmi saytında yerləşdirilən A milli, U-21, U-19, U-17 və U-16-nin yığma komandalarının heyətləri üzərindən aparılıb. 

Əvvəlcə əsas yığmamızın heyətinə nəzər salaq. Nikola Yurçeviçin siyahısında 26 futbolçunun adı yer alıb. Milliyə ən çox "Qarabağ" klubundan futbolçu dəvət alır - 8. "Neftçi"nin 5, "Səbail"in isə 3 futbolçusu bu siyahıda yer alıb. "Sabah" və "Sumqayıt" klublarından isə hərəyə 2 futbolçu millinin şərəfini qoruyur. Lakin yerdə qalan "Zirə", "Qəbələ" və "Keşlə" klublarının bir futbolçusu belə yığmada çıxış etməyə layiq görülməyib. 
 


Keçək 21 yaşlılardan ibarət Azərbaycan millisinə... Milan Obradoviç yığma komandaya 23 futbolçu dəvət edir. Ki, onlardan hərəyə 4-ü "Qarabağ" və "Keşlə"yə məxsus oyunçulardı. 3 futbolçu isə "Sabah"ın üzvüdür. Hərəyə 2 futbolçu isə "Qəbələ", "Zirə" və "Sumqayıt"dan milliyə dəvət alır. "Neftçi" və "Səbail" isə millidə 1 futbolçu ilə təmsil olunur. 
 


Samir Əliyevin rəhbərlik etdiyi U-19 yığma komandamızın 23 üzvü var. 5 futbolçu "Neftçi", 5 futbolçu isə "Qəbələ"nin oyunçusudur. "Qarabağ"ın isə 4 futbolçusu dəvət alanlar sırasındadır. "Səbail" və "Sumqayıt"dan isə iki-iki futbolçu milliyə cəlb olunub. Lakin "Zirə", "Sabah" və "Keşlə"nin U-19 yığmamızın şərəfini qoruyan futbolçusu yoxdu. 
 


U-17 millimizin baş məşqçisi Vüqar Məmməd komandasına 21 futbolçu cəlb edib. "Qarabağ", "Neftçi", "Zirə" və "Keşlə" yığmada 3 futbolçu ilə təmsil olunur. "Qəbələ" və "Sabah"dan isə 2 oyunçu dəvətlilər sırasındadı. "Səbail"dən isə 1 futbolçu olan 17 yaşadək millimi komandamızda "Sumqayıt"ın oyunçusu yoxdu. 
 


Miloş Velebitin nəzarətində olan 16 yaşadək futbolçulardan ibarət millimizdə 28 futbolçunun adı yer alıb. Ki, onlardan 7-si "Qəbələ" Futbol Akademiyasının, 5-i isə "Sabah"ın yetirmələridir. "Qarabağ" və "Neftçi"nin isə 4 futbolçusu yığmada çıxış edir. "Sumqayıt"in 2 üzvü də U-16 millimizin futbolçusudur. "Zirə", "Səbail" və "Keşlə"dən isə cəmi 1 oyunçu yığmanın şərəfini qoruyur. 

Xatırladaq ki, milli komandalarımızın heyətində ölkə xaricində çıxış edən futbolçular da var. Ki, onlar mövzumuza aid deyil. 

Ümumi statistikaya əsasən, milliyə ən çox futbolçu göndərən klublarımızın siyahısı belədir: 

"Qarabağ" - 23
"Neftçi" - 18
"Qəbələ" - 16 
"Sabah" - 12
"Keşlə" - 8
"Səbail" - 8 
"Sumqayıt" - 8 
"Zirə" - 6

Ancaq bu ümumi göstəricidir. Araşdırmamızın məğzi sırf gənc və yeniyetmə futbolçularla bağlı olduğu üçün bu siyahıdan əsas millinin üzvləri olan futbolçuları çıxacağıq. Çünki bizə gərək olan əslində hanı klubumuzun gənclərdən və yeniyetmə futbolçulardan ibarət komandalarının necə çıxış etdiyini, milli komandalara neçə futbolçu göndərdiyini aydınlaşdırmaqdı. 
 


A millinin futbolçularını siyahıdan çıxdığımızda alınan siyahı belədir:

"Qəbələ" - 16
"Qarabağ" - 15
"Neftçi" - 13
"Sabah" - 10
"Keşlə" - 8
"Sumqayıt" - 6
"Zirə" - 6
"Səbail" - 5

Bəs görəsən sonuncu siyahıda yer alan gənc, yeniyetmə futbolçular millinin baş məşqçiləri ilə yanaşı şərəfini qoruduqları klubların əsas "BAŞ MƏŞQÇİ"sinin diqqətini də çəkə biliblərmi? Azərbaycan futbolunda yeni ulduz(lar)un doğacağı gözlənilirmi? Bunu araşdıracağıq. 

Ardı var...