Xorvat mütəxəssis Nikola Yurçeviç AFFA-dan təklif alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə 52 yaşlı məşqçi özü açıqlama verib. Xorvatiya mediasına danışan Yurçeviç bildirib ki, AFFA rəsmiləri ilə danışıqlar aparıb və məsələyə yaxın günlərdə aydınlıq gələcək:
"AFFA ilə ciddi danışığımız olub. Məndə belə bir təəssürat yarandı ki, milli komandanın qarşısına böyük hədəflər qoyublar. Onlar irəliyə getmək istəyirlər, böyük ambisiyaları var. Bu komandanı çalışdırıb-çalışdırmayacağıma yaxın günlərdə aydınlıq gələcək".
AFFA-nın Yurçeviçlə danışıqlar aparmasına millimizin sabiq baş məşqçisi, hazırda Bosniya və Hersoqovina yığmasını çalışdıran Robert Prosineski də münasibət bildirib: "Bununla bağlı geniş danışa bilmərəm. Amma onu deyə bilərəm ki, AFFA Yurçeviçi seçsə, doğru addım atmış olacaq".
Qeyd edək ki, Nikola Yurçeviç Xorvatiyanın "Zaqreb", "Dinamo" (Zaqreb), "Slovan", Avstriyanın "Austriya" klublarını çalışdırıb, Rusiyanın "Lokomotiv" (Moskva), İngiltərənin "Vest Hem", Türkiyənin "Beşiktaş" komandalarında və Xorvatiya millisində köməkçi məşqçi işləyib. Onun son iş yeri Zaqreb "Dinamo"su olub.
Şərhlər