Siyasət 18:48 16.11.2013

Milli Məclis nə vaxt toplanacaq?

Milli Məclisin növbəti  iclası noyabrın 22-də keçiriləcək. 

Bu haqda Modern.az saytına açıqlama verən Milli Məclisin mətbuat katibi Akif Təvəükküloğlu bildirib ki, bu iclasın gündəliyinə 22 məsələ təklif olunub.

“Bu məsələlərdən birincisi 2014-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsi barədədir. Bir neçə gün parlamentdə 2014-cü ilin büdcə paketinə daxil olan sənədlər müzakirə olundu və vaxt verildi ki, verilən təkliflərə baxılsın və bu müddət ərzində dövlət büdcəsi ilə bağlı tam fikir formalaşdırılıb Milli Məclisin növbəti plenar iclasına çıxarılsın. Eyni zamanda gələn iclasın gündəliyinə büdcə zərfinə daxil olan “Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” qanun layihəsi, “2014-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi, “2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi, “Milli Məcilisin 2014-cü il xərclər smetası haqqında” qanun layihəsi, “Hesablama Palatasının 2014-cü il xərclər smatası haqqında” qanun layisi salınıb”.

A.Təvəkküloğlu 22 noyabr iclasında bir sıra qanun layihələrinin də iclasın gündəliyinə təklif olunduğunu bildirib.

"“İctimai təşkilatçılıq haqqında” qanun layihəsinin üçüncü oxunuşu, ““Sərhəddən keçən və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” Konvensiyaya düzəlişlərin təsdiq edilməsi haqqında qanun” layihəsi bu sıradandır. Eyni zamanda Mülkü Məcəlləyə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə, “Patent haqqında” qanuna, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanuna, “Vergi Məcələsi haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna, “Dövlət rüsumu haqqında” qanuna, “Sosial sığorta haqqında” qanuna, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərin verilməsi” haqqında qanuna, Milli təhlükəsizlik orqanlarının 95 illiyinə dair  1919-2014-cü illər yubiley medalının təsis edilməsi əlaqələdar “Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik nəzərdə tutulur. Bundan əlavə, “Bələdiyyələrin ərazi və torpaqları haqqında” qanuna əlavə edilmiş bələdiyyələrin siyahısına dəyişiklər nəzərdə tutulub və “Xaçmaz rayonun Xraxoba kəndinin Talıblı adlandırılması haqqında” qanun layihəsinə baxılacaq”.

Qaynar.info