Ölkə 11:00 15.12.2018

Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyi təsis edildi

Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin formalaşması, inkişafı və onun imkanlarından istifadə edərək ölkəmizdə dövlət quruculuğu, demokratik islahatların aparılması və bu istiqamətdə görülən hər bir iş mühüm əhəmiyyətə malikdir. Demokratik hüquqi və dünyəvi dövlət quruculuğu yolunu tutan və bu istiqamətlər üzrə inamla irəliləyən Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması daim diqqət mərkəzində dayanan məsələlərdən olmuşdur.

Azərbaycanda son illər ərzində müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlər modelinin müasirləşdirilməsini, demokratiyanın dərinləşdirilməsini, milli maraqların qorunması sahəsində qeyri-hökümət təşkilatlarının fəaliyyətinin təşviqini zəruri etmişdir.

Heç şübhəsiz, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri də dövlət oraqanları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının təkmilləşdirilməsi, siyasi-hüquqi, vətəndaş mədəniyyətinin formalaşdırılmasında QHT-lərin iştirakını və onların beynəlxalq əməkdaşlığını təmin etməkdən ibarətdir.

Müasir qloballaşma şəraitində dünyaya inteqrasiya olunan tarixi ənənələrə malik Azərbaycan üçün milli-mənəvi dəyərlərinin yeniyetmə və gənclər arasında təbliği mühüm əhəmiyyət kəsb edir. Bu sahədə həm dövlət, həm də qeyri-hökümət sektoru tərəfindən bir sıra işlər görülməkdədir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş və "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanan "Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının məqsəd və vəzifələri sırasında da gənclərin milli ruhda, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında formalaşması məsələsi yer almışdır. Azərbaycan vətəndaşlarının millətinə, xalqına, vətəninə layiqli yetişməsi üçün bu istiqamətdə maarifləndirmə işinin daha da sürətlə aparılması çox vacib amil hesab olunur.

Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin dediyi kimi: "Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizimlə milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz... Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir”.

Həqiqətən də milli-mənəvi dəyərlər hər bir Azərbaycan vətəndaşı, xüsusən də gənc nəsillər üçün doğma, əziz və müqəddəs olmalıdır. Belə ki, bu, həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. Məhz bunun üçün də milli mənəvi dəyərlərimizi təbliğ edən ictimai təşkilatların mövcudluğu bu gün də öz aktuallığı ilə gündəmdədir.

Bu yaxınlarda bu sahədə fəaliyyət göstərəcək yeni bir təşkilat "Milli Mənəvi Dəyərlərimizə Dəstək” İctimai Birliyi təsis olunmuşdur. Birliyin əsas məqsədi, həmvətənlərimiz arasında milli-mənəvi dəyərlərimizin təbliğ edilməsi və inkişaf istiqamətində elm, təhsil, din, dil, mədəniyyət, mənəviyyat, vətənpərvərlik sahəsində fəaliyyətin qurulması və maarifləndirmə işinin aparılmasıdır.

Birliyin təsisçisi və sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Təhsil Akademiyasının yeganə azərbaycanlı müxbir-üzvü Elvin Talışınskidir. E.Talışınskinin artıq uzun illərdir ki, gənclərin milli mənəvi ruhda yetişməsində, onların ictimai fəallığının artırılmasında, elmə olan marağın yüksəldilməsində xidmətləri vardır.

Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin üzvləri sırasında elmi dərəcəli professor və dosentlər, ictimai xadimlər, bir neçə xarici dil biliyinə sahib ictimai fəal gənclər vardır.

MMDD ictimai birliyi milli-mənəvi dəyərlərimizi təbliğ edərək cəmiyyətin müxtəlif sahələrində iş aparmağı, yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərinin formalaşdırılması və təbliği ilə bağlı geniş miqyasda tədbirlər həyata keçirməyi, dini, milli, etnik dəyərlərimizin qorunmasına dəstək verməyi, tərbiyəvi və maarifləndirici layihələr yerinə yetirməyi öz qarşısına məqsəd kimi qoymuşdur.