Milli Qəhrəmanlara heykəl qoyma ənənəsi davam etdiriləcək?

Milli Qəhrəmanlara heykəl qoyma ənənəsi davam etdiriləcək?

Xəbər verdiyimiz kimi, dünən Bakının Nərimanov ərazisində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub. Bu hadisə ictimaiyyət tərəfindən çox müsbət qarşılanıb.

Maraqlıdır, bəs Milli Qəhrəmanlarımızın şərəfinə heykəl qoyulması ənənəsi davam etdirələ bilərmi?

Milli Məclisin deputatı Aqil Abbas Modern.az-a açıqlamasında öncə Albert Aqrunova heykəl qoyulmasını alqışladığını bildirib:

"Albertlə təsadüfən tanış olmuşam. Mən onu tanıyanda bilmirdim ki, o, Milli Qəhrəman olacaq. Mən Albert Aqrunovun şərəfinə qoyulan abidəyə görə çox sevinirəm. Çünki Azərbaycanda vuruşan qeyri-türklər də olub, onlar da qeyrətlə vuruşublar. Albert də onlardan biri idi. Mən onun üçün abidə ucalmasına böyük fərəh hissi duydum. Azərbaycanın 217 Milli Qəhrəmanı var. Təbii ki, bir çoxlarının heykəli ucaldılıb, lakin mən daha çox istəyərdim ki, şəhid, Milli Qəhrəman Allahverdi Bağırovun abidəsi ucaldılsın”.

Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova bildirib ki, Albert Aqarunovun şərəfinə heykəl ucaldılmasına görə çox sevinir:

"Albert Aqarunov da oğlum kimi Suraxanı şəhididir. Mən ona heykəl ucaldılmasını xəbərini eşidəndə həqiqətən çox fərəhləndim. Vətəni üçün canından keçən bütün qəhrəmanlarımız üçün belə heykəllər ucalsın. Qoy, bu gündən sonra davamlı olsun. Məsələn, Qaraçuxur qəsəbəsinin parkında Cavanşirin büstü qoyulub. Cənab Prezidentimiz bu yaxınlarda xanımı Mehriban Əlieyva ilə birlikdə gəlib büstün qarşısında baş əydilər. Bu insana fərəh hissi yaşadır”.

Lalə Rəhimova qeyd edib ki, şəhidlərimiz unudulmamalıdır:

"Şəhidlərimizə belə qiymət veriləndə kənardan baxanlar da başa düşür ki, vətəni üçün canından keçənlər belə anılır, yada salınır. Bizim 20 faiz torpağımız işğal altındadır. Atılan belə addımlar qoy gənclərimizdə ruh yüksəkliyi yaratsın ki, Qarabağı geri ala bilək. Xalq öz igidini, şəhidini unutmur. Mən bir ana kimi istərdim ki, bütün şəhidlərimiz üçün abidə ucaldılsın. Etdikləri iş davamlı olsun”.

Milli Qəhrəmanımız Məhəmməd Həsənov da öz fikirlərinizi bizimlə bölüşüb:

"Əgər bu gün Albert Aqanurova dövlət tərəfindən heykəl ucaldılıbsa deməli digər qəhrəmanlarımızın da şərəfinə belə addımlar atılacaq. Davamlı olar deyə düşünürəm”.
XƏBƏRLƏR
BLOGLAR