Siyasət 12:58 02.07.2013

Milli Şura Rüstəm İbrahimbəyovun namizədliyini dəstəklədi - YENİLƏNİR

İsa Qəmbər Rüstəm İbrahimbəyovun namizədliyini təsdiqləyib. 

Onun sözlərinə görə, Rüstəm İbrahimbəyov bu ayın sonunadək ölkəyə qayıdacaq: "Bu gün Milli Şurasnın sessiyasında çox önəmli qərar qəbul edilir və yekdil qərar qəbul etməyə yaxınıq. Milli Şuranın yaranmasının bir çox üstünlükləri var. Ölkənin demokratik qüvvələri və təcrübəli ictimai xadimləri ilə yananşı gənclər və inanclı kəsim də bir araya gəlib.

Milli Şuranın yaranmasının ən önəmli cəhətlərindən biri ölkənin, dünya ictimaiyyətinin diqqətini seçkilərə cəlb etməkdir. Ölkədə demokratik mühit yoxdur. Bəzi partiyalar deyirdi ki, seçkidə iştirak etmək xalqa xəyanətdir. Yanlış mövqedir. Bizim üçün önəmli olan ölkədə hakimiyyətin seçki yolu ilə dəyişməsi və demokratik potensialın bir araya gəlməsidir. Vahid seçki platforması, vahid seçki qərargahının yaranmasını diqtə edir. Hələ ki hər şey məntiqə uyğun şəkildə davam edir. Vahid namizəd məsələsi müzakirə olunanda Müsavatın rəsmi qərarlarında, mənim və funksionerlərin çıxışında səsləndirmişik ki, siyasi liderlərdən biri deyil intellektuallardan biri ola bilər. Başqa hörmətli ziyalılarımızın da namizədliyini mümkün saymışıq. Milli Şura yaranandan sonra Rüstəm İbrahimbəyov vahid namizəd kimi prioritet xarakter daşıyır. Eyforiyaya qapılmağa ehtiyac yoxdur. Doğrudan da seçki mühiti yoxdur və bunu biz aradan qaldırmalıyıq. Xalqın iradəsi gerçəkləşməlidir. Vahid namizəd məsələsinin çoxsaylı müsbət cəhətləri ilə yanaşı riskli cəhətləri də var. Bu, şəxslərə bağlı deyil. Risklərdən birini həll etdik. Öhdəliklərlə bağlı mükəmməl sənəd hazırlandı. Risklərlə bağlı kuluarlarda daim gündəmdədir ki, Rüstəm müəllim ölkəyə gələcəkmi. Biz ona inanmaq istəyirik və ümid edirik ki, gələcək. Ümid edirik ki, 100 minlik mitinq yığışsın sonra gələcəm, namizədliyim qeydə alınsın sonra gələcəm fikri eşitməyəcəyik. Marağımız Milli Şura ideyasının baş tutması və hədəflərə çata bilməyimizdir.

İ.Qəmbər bildirib ki, ikinci risk namizədin qeydə alınması məsələsidir: "Bu risk də qalmaqdadır. Dostlarımız deyir ki, bu risk hamıya aiddir. Ölkədə avtoritar rejim var və bu rejimdən yanlış qərarlar gözləniləndir. Vahid namizədin qeydə alınmaması Milli Şuranın kənarda qalması deməkdir. Bu arzu istəklərimiz və bəyannaməyə ziddir. Elə yol tapılmalıdır ki, heç bir vəziyyətdə Milli Şura seçkidən kənarda qalmasın. 

Müsavat Partiyasının müzakirələrdən sonra rəsmi qərarını təqdim etmək istəyirəm. Milli Şuranın vahid namizədi haqqında mövqeyimiz ondan ibarətdir ki, R. İbrahimbəyovun vahid namizəd olmasını qəbul edirik və eyni zamanda Şuranın namizədinin qeydə alınmasına qədər Müsavat Ali Mədlisinin prezidentliyə namizədliyi haqqında 4 yanvar qərarı qüvvədə qalır".

**

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rüstəm İbrahimbəyovun vahid namizədliyini dəstəkləyib. 

AXCP sədri Əli Kərimli çıxışı zamanı ölkədə demokratik seçki mühitinin olmadığını deyib: "Biz bu gün bir araya gəlib, bir təşkilatda birləşib, vahid namizəd müəyyənləşdiririksə, açıq, yaxud dolayı tənələr yolverilməzdir. Aydındır ki, ölkədə demokratik seçki mühiti yoxdur. Demokratiyaya gedən yollar tıxanıb. Xalq artıq başqa yollar axtarır".

AXCP sədri Azərbaycanda ayrı-ayrı partiyaların seçkilərə qatılıb uğur qazanmaq şansının olmadığını deyib: "Bu bizim günahımız deyil. Bütün siyasi partiyalar o mövqeyə çatıblar ki, ölkənin maraqları, demokratiya maraqları şəxsi və partiya maraqlarımızdan önə keçib. Biz AXCP olaraq da düşünürük ki, bir araya gəlməkdə Milli Şuranı yaratmaqda düz addım atmışıq. Bu gün də vahid namizədi müəyyənləşdirməliyik. AXCP Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyir. Bu bizim qərarımızdır".

**

11:58

Eldar Namazov: "Bu tarixi bir gündür"

Eldar Namazov: "Prezident seçkiləri ərəfəsində indiyə qədər müxalifətin belə böyük bir koalisiyası yaranmamışdı. Bu tarixi bir gündür. R. İbrahimbəyovun namizədliyi ilə bağlı son vaxtlar mətbuatda təhlillər aparılır ki, onun namizədliyi hansı ölkənin layihəsidir. Mən bildirmək istəyirəm ki, bəs neçə ildir bu müzakirələr niyə aparılır? Onun milli məsələlər ətrafında apardığı müzakirələr diqqət çəkdi. El Hərəkatı kimi bizim üçün əsas namizəd də, vahid namizəd də, ehtiyat namizəd də Rüstəm İbrahimbəyovdur".

**

11:43

Sessiyada çıxış edən Əli Kərimli iki illik keçid dövrünün yol xəritəsinin vacibliyini bildirib: "Söhbət ən prinsipial öhdəliklərdən gedir. Korrupsiya və rüşvətlə mübarizə dərhal başlamalıdır. İlk gündən vahid namizədimizin qarşısında bunu qoymuşuq".

Sessiyada Qubad İbadoğlu və Mustafa Hacıbəyli yeni təkliflərlərlə çıxış ediblər. Əli Kərimli isə bildirib ki, detallara varmaq lazım deyil: "Bəyannaməni ağırlaşdırmaq olmaz. Milli Şuranın bəyannaməsində hamımız üzərimizə götürmüşük ki, seçkilər azad və ədalətli keçirilsin. Şura sədri də bu proseslərdən kənarda qala bilməz".

**

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) 2-ci sessiyası öz işinə başlayıb. 

Sessiyanı AXCP sədri ƏLi Kərimli açıb. O bildirib ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov müəyyən səbəblərdən bugünkü sessiyada iştirak edə bilmir və onlar sədri əvəz edirlər.

Milli Şura üzvlərinin müzakirəsinə təqdim olunacaq gündəlik layihəsinə aşağdakı məsələlər daxil edilib:

1. İşçi qrupunun keçid dövrü və DQMŞ-in vahid namizədinin öhdəlikləri haqqında hazırladığı memorandumun qəbulu

2. DQMŞ-in prezidentliyə vahid namizədinin irəli sürülməsi

3. Azərbaycan Respublikasının Milli Məclisinə, Baş Prokurorluğuna və Mərkəzi Seçki Komissiyasına müraciət

4. DQMŞ-in prezidentliyə vahid namizədin seçki qərargahının formalaşdırılması üçün tövsiyə qərarı

5. Cari məsələlər


Qaynar.info