Siyasət 11:54 03.08.2013

Milli Şurada narazılıq yaradan təklif - REAKSİYA

Eldəniz Quliyev: “Rüstəm İbrahimbəyova alternativ yoxdur”.

Rafiq Manaflı: “Rüstəm İbrahimbəyov 15-də qayıdacaqsa, ona vaxt vermək lazımdır”

Asəf Quliyev: “Seçki kampanisyasını Rüstəm İbrahimbəyov olmadan da aparmaq olar”


Müsavat başqanı İsa Qəmbər Mərkəzi Seçki Komissiyasının seçki günü ilə bağlı qərarına toxunub və müxalif qüvvələrin öhdəsinə düşən təxirəsalınmaz vəzifələrdən söz açıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası avqustun 2-də prezident seçkisinin gününü elan edib. Seçki oktyabrın 9-da keçiriləcək.

İsa Qəmbər bununla bağlı Milli Şuranın iclasında təklif verəcəyini deyib: “Orda təklif verəcəm ki, Rüstəm İbrahimbəyovun namizədliyi qalmaq şərti ilə digər bir intellektualı namizəd kimi müəyyənləşdirək və avqustun 9-da seçki kampaniyası başlanan kimi həmin namizədin irəli sürülməsi işləri ilə məşğul olmağa başlayaq. İnşallah, o zamana kimi Rüstəm İbrahimbəyov öz işlərini həll edərsə, Azərbaycana gələr və artıq vahid namizəd kimi onun üçün nə lazımdırsa edərik. Problem davam eləsə, mənim təklifim qəbul olunduğu halda, Milli Şuranın yenə də seçkidə vahid namizədi olacaq. Heç bir halda demokratik qüvvələrin seçkidən kənarda qalmasına yol vermək olmaz”.

İsa Qəmbərin bu təklifini Milli Şura üzvləri narazılıqla qarşılayıb. “El” hərəkatının ali məclisinin sədri Eldəniz Quliyev Qaynar.info-ya açıqlamasında deyib ki, Rüstəm İbrahimbəyova alternativ yoxdur: “Milli Şuranın sessiyası olsun, İsa Qəmbər də təklifini irəli sürsün, orada müzakirə edilsin. İndidən nə deyə bilərəm? Hesab edirəm ki, Rüstəm İbrahimbəyova alternativ yoxdur. Hətta 1 həftə vaxtın da sağa-sola çəkilməsində problem yoxdur. Biz Milli Şura olaraq Rüstəm İbrahimbəyovun təbliğatını aparmalıyıq".

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) funksioneri Rafiq Manaflı da Rüstəm İbrahimbəyovu gözləməyi məqsədəuyğun hesab edib: “Qarşıda hələ 1 ay imzatoplama kampaniyası var. Təbliğat onsuz da 1 aydan sonra başlayacaq. İmzatoplama kampaniyası üçün əslində 10 gün vaxt kifayətdi. Hələ gözləyə bilərik. Rüstəm İbrahimbəyov 15-də qayıdacaqsa, ona vaxt vermək lazımdır. Amma 15-dən sonra bu məsələ baş tutmasa, başqa qərarlar vermək lazımdır”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Asəf Quliyev deyib ki, seçki kampanisyasını Rüstəm İbrahimbəyov olmadan da aparmaq olar: “Seçki vaxtının tezləşdirilməsi hakimiyyətin Milli Şuranın işinə əngəl törətməsinə sübutdur. Bu həm də Rüstəm İbrahimbəyovun namizədliyinin qarşısının alınmasına yönəlib. Rüstəm bəyin vətəndaşlıq məsələsi avqustun 15-ə qədər həll edilməlidir. Sözsüz, burada 6 gün itirilir. Amma seçki kampanisyasını Rüstəm İbrahimbəyov olmadan da aparmaq olar. Deyilən vaxta qədər İbrahimbəyovun sənədi düzəlməyəcəksə, o zaman məsələyə baxmaq lazımdır. Hər halda Milli Şuranın yaranması ideyası Rüstəm İbrahimbəyova məxsusdur. Ona görə də onun bu haqqını tapdamaq olmaz, siyasi etika qaydaları var, 6 günə görə onun üstünə çox getmək düzgün deyil. İsa Qəmbərin bu məsələ ilə fikirləri onun özünə məxsusdur. Onun fikrinə hörmətlə yanaşıram. Yəni bu məsələ müzakirə olunmalıdır. Mənə elə gəlir, burada tələsik qərar vermək düzgün deyil. AXCP olaraq biz Rüstəm bəyi 15-ə qədər gözləyəcəyik”.

İlkin
Qaynar.info