Siyasət 12:43 03.07.2013

Milli Şuradan İbrahimbəyova CAVAB

Rafiq Manaflı: “Rüstəm İbrahimbəyovun mövqeyi səhvdir”

Əvəz Temirxan: “Burada ona hər cür maneəçilik törədə bilərlər”

Gülağa Aslanlı: “Biz Rüstəm bəyin Azərbaycana dönüşünü şərt olaraq qoymamışıq”


Milli Şuranın vahid namizədi, tanınmış kinematoqraf Rüstəm İbrahimbəyov “Azadlıq Radiosu”na açıqlama verib. O deyib ki, Milli Şuranın vahid namizədi kimi Bakıda vacib məqamda olacaq: “İndi mən Bakıya gəlim? Axı bunun mənası nədir? Milli Şuranın 129 üzvü var. Onlar kifayət deyil? Mən Bakıda vacib məqamda olacağam. Bakıya gəlməyimi tələb edən şəxslərin ya provokator, ya dayaz, ya da siyasətdən başı çıxmayan adamlardır”.

Məsələ ilə bağlı Milli Şurada təmsil olunan partiyaların mövqeləri fərqli olub.

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) ali məclisinin sədri Rafiq Manaflı Qaynar.info-ya açıqlmasında deyib ki, Rüstəm İbrahimbəyovun mövqeyi səhvdir: “Yəni İbrahimbəyovun üzərinə qoyulan missiya ilə uyğun gəlməyən mövqedir. Onun dedikləri ilə bağlı məsələ qaldıracam.  Belə münasibət olmaz. Müxalifətə daxili dəstək olmasa, xarici dəstək də olmayacaq”.

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan isə məsələyə fərqli yanaşıb. Onun sözlərinə görə, Rüstəm İbrahimbəyovun dedikləri məntiqlidir: “Müəyyən işlər var ki, onları görüb sonra Azərbaycana gəlməlidir. Hələ onun bir neçə səfəri var. Bilirsiniz ki, Azərbaycanda qanuna əməl olunmur. Yəni burada hər cür maneəçilik törədə bilərlər. Onun hələlik Azərbaycana gəlməməsini normal hesab edirəm”.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bildirib ki, Rüstəm bəyin dediklərinin Müsavat Partiyasının başqanı İsa Qəmbərə və partiyaya heç bir aidiyyatı yoxdur. Çünki biz Rüstəm bəyin Azərbaycana dönüşünü şərt olaraq qoymamışıq: “Onun Azərbaycana gəlişini arzuolunan olduğunu bildirmişik. Rüstəm İbrahimbəyov bundan əvvəlki müraciətində vahid namizədin Azərbaycanda olmasını qeyd edib. Bizə də bu kifayət edib. Ondan sonra kim nə deyib, Rüstəm İbrahimbəyov kimə nə cavab verib, artıq bu, bizə aid deyil. İsa Qəmbər Rüstəm İbrahimbəyovun Bakıya dönüşü ilə bağlı inamını ifadə edib. İsa bəyin Rüstəm bəyin ölkəyə qayıtmasının vacibliyi ilə bağlı fikri olmayıb. Sadəcə, İsa bəy seçki kampaniyası dövründə onun Azərbaycana gələcəyinə inandığını deyib".

İlkin
Qaynar.info