İdman 13:54 15.03.2018

Millimiz FIFA reytinqində 8 pillə gerilədi

FIFA dünya yığmalarının yeni reytinq cədvəlini açıqlayıb. Qaynarinfo xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə 8 geriləyib. 

Hazırda yığmamız 127-ci pillədə qərarlaşıb. Komandamızın aktivində 243 xal var. Millimiz həm də 32 xal itirib.

Milli komandamızın Millətlər Liqasındakı rəqiblərinin mövqeyində dəyişiklik baş verib. Farer adaları (364 xal) bir pillə geriləyib, Kosova (97 xal) bir pillə irəliləyib. Farer adaları 96-cı, Kosova 176-cı olub. Malta isə 185-ci pillədəki yerini qoruyub (68 xal).

Yoxlama oyunu keçirəcəyimiz rəqiblərdən Qırğızıstan (282 xal) 115-ci, Belarus 93-cü (376 xal) pillədə qalıb. Makedoniya bir pillə geriləyərək 75-ci (441 xal), Latviya 1 pillə irəliləyərək 131-ci (231 xal) yeri tutub. 

Dünyanın ən güclü 10 komandasının siyahısında yalnız bir yerdəyişmə olub. Belə ki, Polşa bir pillə irəliləyərək, İspaniyanı sıxışdırıb. Almaniya (1609), Braziliya (1489), Portuqaliya (1360), Argentina (1359), Belçika (1337), Polşa (1228), İspaniya (1228), İsveçrə (1197), Fransa (1185), Çili (1161).

Qeyd edək ki, qonşu Türkiyə millisi 38-ci pilləni əldən verməyib. "Ay-ulduzlular”ın hesabında 730 xal var.