İdman 14:58 13.03.2014

Millimiz FİFA reytinqində irəlilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisi iki pillə irəliləyib. Millimizin beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Fillipinə 1:0 hesabı ilə qalib gəlməsi yığmamızın reytinqinə də təsirsiz ötüşməyib. Berti Foqtsun komandası 369 xalla 91-ci pillədə qərarlaşıb.

"Avro-2016"dakı rəqiblərimizə gəlincə ən yaxşı göstərici İtaliya millisinə məxsusdur. Appenin təmsilçisinin mövqeyində dəyişiklik baş verməyib. Çezare Prandellinin komandası 8-ci pillədəki mövqeyini qoruyub. Digər rəqiblərimizdən Xorvatiya (0) 16-cı, Norveç (3) 57-ci, Bolqarıstan (3) 67-ci və Malta isə (-3) 134-cü pillədə qərarlaşıb.

Ümumilikdə siyahıya yenə İspaniya yığması başçılıq edir. Son dünya və Avropa çempionları 1510 xalla bütün rəqiblərini geridə qoyub. Almaniya (1336) ikinci, Argentina (1234) isə üçüncü olub.

Qaynar.info