Ölkə 07:36 13.12.2012

“Milyaderlər ittifaqı”nın mövcudluğundan narahat deyiləm”

Əbülhəsən Abbasov: “Düşünmürəm ki, bu təşkilat ciddi təhlükə mənbəyidir”


Məlum olduğu kimi, bir müddət bundan öncə bir qrup tanınmış azərbaycanlının təsis etdiyi və cəmiyyətdə “Milyaderlər ittifaqı” kimi tanınan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının meydana çıxması ciddi narahatlığa səbəb olub. Ölkə siyasilərinin əksər qismi hesab edir ki, bu qurum məhz Rusiyanın sifarişi əsasında yaradılıb və məqsəd bu təşkilatın əli ilə Azərbaycana basqı göstərmək, ölkədəki prosesləri nəzarətdə saxlamaqdır. Məlum problemlə bağlı Moderator.az saytına açıqlama verən tanınmış professor Əbülhəsən Abbasov bunca narahatlıq üçün yetərli səbəb olmadığını vurğulayıb: “Göründüyü kimi, bu gün həm iqtidar, həm də müxalifət cəbhəsində “Milyaderlər ittifaqı” ilə bağlı bir narahatlıq müşahidə edilir. Lakin mən həm Rüstəm İbrahimbəyov, həm də bu təşkilatın digər təmsilçilərin səsləndirdiyi bəyanatları oxumuşam və düzü hesab etmirəm ki, burada nə isə bir təhlükə var. Şəxsən mən bu təşkilatın varlığından narahat deyiləm. Düşünürəm ki, cəmiyyətin də bundan ciddi şəkildə narahat olması üçün əsas yoxdur”.

Seymur Əliyev