Siyasət 22:27 02.05.2013

Minsk qrupu parçalanır? (VİDEO)

Rusiyalı ekspertlərin fikrincə, son vaxtlar Birləşmiş Ştatlar Qarabağ məsələsində Azərbaycan tərəfinə istiqamətlənib

Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi rolunu oynayan Birləşmiş Ştatların mövqeyi Rusiya mətbuatında müzakirəyə çixarılıb. Ekspertlər Birləşmiş Ştatların apardığı siyasətin ATƏT-in Minsk qrupu tərkibində parçalanmalara yol aça biləcəyini ehtimal edir.

Son vaxtlar ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə Azərbaycan tərəfinə istiqamətlənib. Bunu Rusiyanın MDB ölkələri İnstitutunun eksperti Mixail Aleksandrov ABŞ-ın “Forrein affairs” jurnalında Qarabağla bağlı çıxan məqaləni şərh edərkən deyib. Onun sözlərinə görə, rəsmi Vaşinqton regional təşəbbüslərdə Türkiyəni dəstəklədiyini nümayiş etdirir. Buna nümunə kimi o, ABŞ dövlət katibi Con Kerrinin Qarabağ münaqişəsinin həllində Türkiyənin konstruktiv rol oynayacağına dair çıxışını xatırladıb. 

Aleksandrov rəsmi Ankaranın Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin əleyhinə çıxıb. Ekspert düşünür ki, ABŞ-ın bu siyasəti ATƏT-in Minsk qrupunun parçalanması ilə nəticələnə bilər. 

Azərbaycanda siyasi şərhçilər isə hesab edir ki, son vaxtlar rəsmi Vaşinqton Azərbaycanı dəstəkləyən bir sıra bəyanatlar səsələndirsə də, hələlik Dağlıq Qarabağ münaqişəsinin həlli Birləşmiş Ştatların xarici siyasətinin əsas prioriteti deyil. 

Məsələ ilə bağlı politoloq Fikrət Sadıqov bunları deyib: “Dövlət departamenti Ermənistanda demokratiya, insan haqları ilə bağlı müəyyən bəyanatlar verirdi. Digər tərəfdən Ermənistana maliyyə yardımını azaldırdı, ixtisara salırdı. Bəlkə belə bir addımların atılması Amerika Birləşmiş Ştatlarının Azərbaycana qarşı müsbət addımların başlanğıcıdır”.

Qeyd edək ki, Dmitri Medvedevin prezidentliyi dövründə Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində aktivlik nümayiş etdirirdi. Rəsmi Moskvanın təşəbbüsü ilə Dmitri Medvedev, İlham Əliyev və Serj Sarkisyanın bir neçə görüşü keçirilmişdi. Son dövrdə isə bu aktivlik xeyli azalıb. Ekspertlər bunu Minsk qrupuna üzv ölkələrdə, habelə Ermənistanda keçirilmiş prezident seçkiləri ilə əlaqələndirirlər./ans.tv/