Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrləri 20 ildən çoxdur fəaliyyət göstərir. Lakin indiyədək Ermənistanın məsələyə qeyri-konstruktiv yanaşması nəticəsində münaqişə həllini tapmayıb. Elə bu səbəbdəndir ki, hər zaman bu vasitəçilik missiyasına alternativlər haqqında müxtəlif fikirlər səsləndirilib. Bu günlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın fikirləri diqqətdən kənarda qalmayıb. 

O, yaxın vaxtlarda Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının həmsədrlərlə görüşünun təşkilinə dair məlumatının olub-olmaması barədə suala belə cavab verib: "Görüş planlaşdırılır. Bu görüşü konkret təşkilat keçirəcək. Görüşün vaxtı məlum olan kimi məlumat verəcəyik. O ki qaldı müxtəlif formatlarda təmaslara, bunlar da istisna deyil, üzərində işlənilir".

Maraqlıdır ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Belə olan halda Rusiya tərəfindən müxtəlif formatlarda görüşlərin keçirilməsi dedikdə nə nəzərdə tutulur?
 
 

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən əlavə digər formatda ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşü də nəzərdə tutula bilər: "Yəni, bu konfliktdə olan tərəflərdən ayrıca görüşlərdir. Ola bilsin ki, parlamentlər səviyyəsində hansısa görüşlər olsun. Öncədən nə isə demək çətindir. Amma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyədək müxtəlif  görüşlər olub. Təkcə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşməyiblər. Zaxarovanın fikirləri həm də o demək deyil ki, prezidentlər görüşəcək. Prezidentlərin görüşü üçün mütləq şəkildə əvvəlcə xarici işlər nazirləri bir araya gəlməlidir və irəliyə aparan hansısa təklifləri yaxınlaşdırmalıdırlar”. 

R.Musabəyov əlavə etdi ki, xalq diplomatiyası məsələsi ilə Xarici İşlər Nazirliyi məşğul olmur: "Düzdür, bu istiqamətdə müəyyən səylər var. Misal üçün, Avropa Birliyi tərəfindən dəstəklənən LİNKS Araşdırmalar Mərkəzi var və bu təşkilat Azərbaycan və Ermənistan parlamentariləri, vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də jurnalistlər arasında görüşlər təşkil edirdi. Mümkündür ki, bu istiqamətdə də müəyyən fəallıq müşahidə olunsun”.   
 
 

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Rusiya XİN təmsilçisinin açıqlamasında "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müxtəlif formatlarda təmaslar istisna deyil” fikri iki hissədən ibarətdir. Birinci hissədə ona işarə edilir ki, vacib deyil, münaqişənin həlli ilə məhz ATƏT-in Minsk Qrupu həmsədrləri məşğul olsun. Burada istisna olaraq alternativ formatlar da mümkündür. Bu mənada ilk ağlıma gələn Türkiyə oldu. Çünki hazırda Türkiyə xaricində hansısa bir ölkənin Dağlıq Qarabağ məsələsində fəal olduğunu görmək mümkün deyil. Onu da nəzərə almaq lazımdır ki, yaxın günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə həmkarı Putinlə görüşməlidir. Bu görüşdə əsas müzakirə mövzularından biri də məhz Qarabağ münaqişəsidir. Ona görə də düşünürəm ki, Zaxarova bəlkə bu çərçivədə danışıqların aparılmasının mümkünlüyünü nəzərdə tuta bilərdi.  Eyni zamanda, üçtərəfli format da ola bilər. Bilirsiniz ki, Suriya məsələsində Türkiyə, Rusiya və İranın uğurlu vasitəçiliyi davam edir. Müəyyən mənada problemin həlli də yaxınlaşır. Bu format gələcəkdə digər regional münaqişələrin həllinə də cəlb oluna bilər. Həmin bu üç dövlət Azərbaycana qonşu olan dövlətlərdir və onların bölgədəki sabitlikdə marağı olmalıdır, münaqişələrin həllinə çalışmalıdırlar. Bəlkə də Zaxarova bu formatı nəzərdə tutub. Hadisələrin gedişatı necə olacaq, bunu gələcəkdə izləyəcəyik. Amma fakt ondan ibarətdir ki, Minsk qrupunun fəaliyyəti artıq yararsızdır. Böyük ümid bəsləyirdilər ki, prezidentləri görüşdürüb, guya münaqişənin həllində ciddi irəliləyiş əldə edəcəklər. Lakin Cenevrə görüşündən heç bir nəticə çıxmadı. Çünki Ermənistan işğala son qoymaq və mərhələli həll planını qəbul etmək istəmir. Bu da bir daha göstərir ki, Minsk qrupu çərçivəsində münaqişəni həll etmək çox çətin olacaq. Ona görə də biz özümüz də alternativ formatların fəaliyyət istiqamətlərinə diqqət yetirməliyik və indiki məqamda Türkiyənin fəallığı Azərbaycanın maraqlarına cavab verir”.
 
 
 
E.Şahinoğlu vurğuladı ki, xalq diplomatiyası da alternativ yollardan biridir: "Bu formatdan Azərbaycan çəkinmir. Ölkəmiz iki istiqamətdə xalq diplomatiyasını inkişaf etdirməyə çalışır. Bunlardan biri Sülh Platformasıdır. Azərbaycan o ermənilərlə əməkdaşlığa hazırdır ki, onlar işğala son qoyulmasını istəyir, ölkəmizin ərazi bütövlüyünü tanıyır. Bu günlərdə Tbilisidə Sülh Platformasının görüşü keçirildi və idarə heyəti təsis edildi. İdarə heyətinin üzvlərindən 6-sı azərbaycanlı, 6-sı isə erməni olacaq. Bu məsələdə digər istiqamət isə icmalarla bağlıdır. "Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbərliyi erməni icması ilə dialoqun tərəfdarıdır və görüşməyə hazırdırlar. Çox təəssüf ki, Ermənistanın işğalçı hakimiyyəti buna müxtəlif əngəllər törədir”.

Qaynarinfo.Az
MƏnbə: "Kaspi" qəzeti