Siyasət 15:48 03.05.2013

Mirmahmud Mirəlioğlu: "2013 millətin səfərbər olma ilidir!"

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ölkədəki ictimai-siyasi durumla bağlı açıqlama verib

Qaynar.info-nun məlumatına görə, Azərbaycanda söz azadlığına qarşı edilən təzyiqləri kəskin şəkildə tənqid edən partiya sədri haqq sözünün gec-tez qalib gələcəyini vurğulayıb. 

Konkret sifarişlər əsasında fəaliyyət göstərən media qurumlarının sayının getdikcə artdığına diqqət çəkən KXCP rəhbəri belə bir mənzərə fonunda ölkədə cərəyan edən hadisələrin ictimaiyyətə olduğu kimi çatdırılmadığından təəssüf hissi keçirdiyini qeyd edib. Artıq insanların doğru söz dedikləri üçün ciddi təqiblərə məruz qaldıqlarını bildirən M.Mirəlioğlu ədalət tərəfdarı olub düz söz deyənlərin tarix boyu min bir əziyyətlə qarşılaşdıqlarını xatırladıb. “Bütün bunlara baxmayaraq yolumuz haqq yoludur!”, - deyən KXCP sədri “Gündəm-xəbər” qəzetinə qarşı olanları da pisləyib.

“Hazırkı iqtidarın “zorən siyasətçi”, “zorən deputat”, “zorən diplomat” və.s. bu kimi hakimiyyət nümayiş etdirməsi artıq xalqa çoxdan bəllidir. Biz illərdir xalqın tale yüklü məsələləri haqda danışırıq. Məgər biz Heydər Əliyev hakimiyyətə gələndə onun qiymətini verməmişdik? Vermişdik! Məgər biz, hakimiyyət İlham Əliyevə ötürüləndə bununla bağlı danışmamışdıq? Əlbəttə ki, danışmışdıq! Yox, əgər indi Dövlət Departamenti “Prezident hökmranlıq edir!” deyirsə, bizlər bunu ilk gündən bildirmişdik. Sağ olsunlar ki, gec də olsa deyirlər. İndi durub onları “topa tutmaq” lazım deyil ki, niyə bunları indi deyirsən? Ona bu gün sərf edir, bu gün deyir.”, - deyə partiya rəhbəri açıqlayıb.

İndiki hakimiyyətin fəaliyyətini mahiyyəti üzrə obyektivliyi saxlayaraq göstərən çox az sayda qəzetin olduğunu söyləyən M.Mirəlioğlu Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatına da toxunub. “Dövlət Departamentini durub sorğu-sual edəcək deyilik ki, Əli Həsənovun adını niyə indi çəkirsən? Niyə indiyədək Ramiz Mehdiyevlə işbirliyində idin? və s. Təbii ki, Dövlət Departamenti, Avropa Şurası bu haqda danışmağı bu gün məqsədəuyğun bilib, öz siyasətinə uyğun hesab edib indi mövqe bildirir. Biz, bunu əvvəl demişdik, lap yaxşı! İndi bu “silah”dan ədalətlə, siyasi əxlaqla istifadə etməliyik”, - deyə M.Mirəlioğlu bildirib.

Bəzi tarixi məsələlərin gündəmə gəlməsi üçün zamana ehtiyac olduğunu deyən partiya sədri, bu gün Elşad Abdullayevin “alver videosu”nun xalqın səfərbərliyi üçün lazımi fakt olduğunu deyib. Bəzi məsələlərin isə daha sonra açıqlanmasının önəmini bildirən M.Mirəlioğlu “Təbii ki, zamanı gəldikcə hər şeyi deyəcəyik! 2000-ci ildə Heydər Əliyevi bir mandatdan mərhum etməklə Konstitusiyada dəyişiklik olunmasına biz məcbur eləmişik. Mən məcbur eləmişəm! Proparsional seçki sisteminin ləğv olunmasının səbəbkarı mənəm, mənim mandatımdan imtina etməyimdir”, - deyə bildirib.

Mövcud hakimiyyət tərəfindən “anti-milli ünsürlər” kimi ifadələrin tez-tez işləndiyini qeyd edən M.Mirəlioğlu, “Kimdir milli? Kimdir ünsür? Kimdir anti-milli? Bütün bunların hamısı ortadadır. Amma yenə də bu ifadə deyilir. Ya məcburi deyilir, ya ağılları kəsmədən deyirlər, ya da hansısa səbəbdən bunu edirlər. İndi biz bununla öz yolumuzdan dönməliyik ki, bəs xətrimizə dəyib. Əsla! Bu gün Azərbaycan xalqının bəlli “polis xofu”ndan ayılmasının vaxtıdır. Artıq camaatın hansısa müzakirələrə son verərək birlikdə hərəkətə keçməsinin zamanıdır. Millətin səfərbər olma ilidir! Əsas məsələ bir olub, birlikdə olub bu hakimiyyəti mədəni şəkildə yola salmaqdır! Bundan sonra daha qəliz işlər var. Yəni haqqı nahaqdan ayıraraq ədalətlə hökm vermək..", - deyərək fikirlərini tamamlayıb.

Qaynar.info