Ölkə 15:18 29.04.2013

Mirmahmud Mirəlioğludan Milli Şuraya -TƏKLİF

“Milli Şuranın tərkibi 125 nəfərdən ibarət olmalıdır”

“Birliklə bağlı atılan addımları normal qiymətləndiririk”. Bunu Qaynar.info-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu müxalifət daxilindəki birlik təşəbbüslərindən danışarkən deyib. 

Partiya sədrinin sözlərinə görə, Milli Şuranın ideyası ənənələrə söykənməlidir: “Milli Şura ilə bağlı mövqeyimizi açıqlamışıq. Milli Şuranın ideyası 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin başlanğıcında olan Milli Şuranın tarixinə, 1991-ci ildə qəbul edilən konstitusiya aktına uyğun olmalıdır. Əlavə olaraq təklif edirik: 1. KXCP olaraq hesab edirik ki, Milli Şuranın tərkibi 125 nəfərdən ibarət olmalıdır. Bu, keçid mərhələsi üçün nəzərədə tutulur. Buraya daxil olan insanlar istiqlalçı deputatlardan, sonradan seçilən demokratik düşərgəni təmsil edənlərdən, seçilib mandat ala bilməyən insanlardan, tanınmış QHT rəhbərlərindən, siyasi xadimlərdən ibarət olmalıdır. Bizim təklifimiz belədir, kimin əlavə təklifi varsa, onu da müzakirə etməyə hazırıq. Milli Şura ətrafında birliklə bağlı 2-3 nəfər adam mətbuatda açıqlama verir. Yəni müzakirələrdə bundan başqa bir şey yoxdur”. 

KXCP sədri “Sizə Milli Şura ilə bağlı təklif gəlməsə, qoşulmayacaqsınız?” sualına belə cavab verib: “Təkcə məsuliyyəti bizim üzərimizə niyə atırsınız ki?! Bu təşəbbüsü irəli sürənlər bilərəkdənmi bu ideyanı dəfn etmək istəyirlər? Və yaxud özləri ancaq burada dostlarından başqa kimsəni görmürlər? Bəlkə, belə fikirləşək?!”.

M.Mirəlioğlu VAMBP sədri Hacıbaba Əzimovun birliklə bağlı gördüyü işlərə də münasibət bildirib: “Hacıbaba Əzimovun birliklə bağlı təşəbbüsü var. Bu təşəbbüsə maneə olanlar var. Bunu da onun özü bilir”.

İlkin
Qaynar.info