Ölkə 10:59 02.05.2013

Misir Mərdanovdan yeni xəbər


Onun rəhbərlik etdiyi AMEA Riyaziyyat və Mexanika İnstitutunun inkişaf proqramı hazırlanacaq

Sabiq təhsil naziri Misir Mərdanov rəhbərlik etdiyi AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının ilk iclasını keçirib.

AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, Misir Mərdanov qeyd edib ki, institutun gələcək illər üçün inkişaf proqramı hazırlanmalı və bu məqsədlə İşçi Qrupu yaradılaraq öz həllini gözləyən problemləri aşkara çıxarmalıdır.

Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat” və “Tətbiqi Riyaziyyat və Kibernetika” fakültələri ilə əlaqələrin qurulmasının vacibliyindən söz açan M.Mərdanov perspektivli məzunların instituta cəlb olunması məsələsinə də xüsusi önəm verdiyini qeyd edib.

İclasda 2014-cü ildə institutun 55 illik yubileyinin keçirilməsi istiqamətində hazırlıq işlərinin görülməsi, institut əməkdaşlarının təcrübi biliklərinin daha da möhkəmləndirilməsi məqsədilə xaricdə təhsillərinin davam etdirilməsi, institutun saytının müasir tələblərə uyğun yenidən işlənməsi məsələləri də müzakirə olunub.

Qaynar.info