Dünya 20:44 19.12.2013

Mixail Saakaşvilidən Azərbaycan mədəniyyətinə jest

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri sırasına qoşulub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, sabiq dövlət başçılarının təmsil olunduğu Mərkəzə cari ilin noyabrında isə Rumıniyanın sabiq prezidenti (1996-2000) Emil Konstantinesku, Serbiyanın sabiq prezidenti (2004-2012) Boris Tadic, Estoniyanın sabiq prezidenti (2001-2006) Arnold Ruutel, Latviyanın sabiq prezidenti (2007-2011) Valdis Zatlers üzv olublar. Hazırda Mərkəzin sıralarında dünyanın 14 sabiq ölkə başçısı təmsil olunur.

 Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 30 sentyabr 2012-ci il tarixində Gəncə şəhərində Latviya Respublikasının sabiq prezidenti Vaira Vike-Freiberga və İsgəndəriyyə Kitabxanasının direktoru, Dünya Bankının sabiq I vitse-prezidenti İsmail Serageldinin rəhbərliyi ilə dünyanın bir qrup tanınmış ictimai və siyasi xadimləri tərəfindən  yaradılıb. Mərkəzin fəaliyyətinin prioritetini Azərbaycan xalqının dahi şairi Nizami Gəncəvi irsinin dünyada tanınması və təbliği  təşkil edir. Mərkəz tərəfindən görülmüş işlər və həyata keçirilmiş tədbirlər UNESCO tərəfindən yüksək qiymətləndirilərək  türk, yunan, hind, fars və kürd xalqları arasında dialoqun qurulmasında  önəmli rol oynadığı vurğulanılır.//lent.az