Yanvarın 2-də Moldova Konstitusiya Məhkəməsi ölkə prezidenti İqor Dodonun səlahiyyətlərini müvəqqəti dayandırıb. 

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, qərar hakim partiyanı təmsil edən bir qrup deputatın sorğusu əsasında qəbul edilib.    

Qərarın verilməsinə səbəb, baş nazirin 5 nazir və 2 baş nazir müavini postuna təklif etdiyi namizədləri İ.Dodonun təsdiqləməkdən imtina etməsi olub.  

Moldova qanunvericiliyinə əsasən, prezident namizədləri təsdiqləməkdən yalnız bir dəfə imtina edə bilər.    

Məlumata görə, prezidentin səlahiyyətləri müvəqqəti olaraq parlament sədrinə həvalə olunub. Yaxın günlərdə onun yeni nazirləri təyin edəcəyi gözlənilir. Parlament sədrinin təyinatları imzalamayacağı təqdirdə bunu, qanunvericiliyə əsasən, baş nazir etməli olacaq.

Qeyd edək ki, dekabrın 28-də bir qrup deputat Konstitusiya Məhkəməsinə müraciət edərək prezident İqor Dodonun səlahiyyətlərini müvəqqəti dayandırmağı tələb edib.