Dünya 13:49 09.05.2013

Moskvada hərbi parad keçirildi - FOTOLAR

Moskvada Qızıl meydanda faşizm üzərində qələbənin 67-ci ildönümü  münasibətilə hərbi parad keçirilib.

APA-nın verdiyi məlumata görə, hərbi paradda Rusiya prezidenti Vladimir Putin, baş nazir Dmitri Medvedyev və digər dövlət rəsmiləri iştirak ediblər.

Hərbi paradda 11 mindən çox hərbçi iştirak edib. Onlar arasında hərbi məktəblərin kursantları, hava və quru qoşunların əsgər və zabitləri, dəniz qoşunları, daxili qoşunların əsgərləri olub.

Hərbçilər Kremlin qarşısındakı Qızıl Meydandan keçiblər. Parad müdafiə naziri, ordu generalı Sergey Şoyqunun mərkəzi tribunada dayanan prezident və ali baş komandan Vladimir Putinə raport verməsi ilə başlayıb. Daha sonra çoxsaylı hərbçilərdən təşkil olunmuş hərbi orkestr Rusiyanın dövlət himnini ifa edib.

Rusiya prezidentinin çıxışından sonra təbilçilər dəstəsi meydandan keçib, daha sonra Rusiya hərbi zirehli avtomobili olan ”Tiqr” karvanı meydana daxil olub. Bunun ardınca meydandan tank diviziyaları, motoatıcı briqada, hərbi-hava qüvvələrinin desant qüvvələri, dəniz piyadaları briqadası, daxili qoşun hissələri, ali hərbi məktəblərin kursantları keçiblər. Sonda isə parada Rusiyanın nüvə başlıqları daşıyan strateji raket qoşunları qatılıb.

Parada 112 ədəd döyüş texnikası qatılıb. Quru qoşunlarının T-90 tankları, piyadaların döyüş maşınları, operativ-taktiki “İsgəndər” raketləri, “Smerç” qurğuları, “Buk” hava hücumundan müdafiə sistemləri və dünyada analoqu olmayan S-400 «Triumf» və “Topol-M” zenit-raket sistemləri nümayiş olunub. 

Paradın sonunda havaya hərbi vertolyotlar və qırıcı təyyarələr qalxıb. Havaya qalxan texnikanın sayı 68 olub. Bunlar arasında “Mi 28”, “Mi 8” vertolyotları, “An 22” və dünyanın ən böyük hərbi yük təyyarəsi olan “Ruslan”, “MiQ 31”, “Su-24m”, “Tu- 22m3”,  “Tu-95”, “Su- 27” və “MiQ 29” qırıcı təyyarələri olublar.

Daha sonra Vladimir Putin İkinci Dünya müharibəsinin iştirakçısı olmuş veteranlarla görüşüb.

Qaynar.info