Ölkə 16:55 13.12.2019

MSK namizədləri narahat edən ciddi məsələyə aydınlıq gətirdi

Bələdiyyə seçkisinə 10 gündən az qalarkən namizədləri bir sual narahat edir. 
 
Qaynarinfo xəbər verir ki, hazırda ölkədə köhnə şəxsiyyət vəsiqələri ilə yanaşı, yeni nəsil şəxsiyyət vəsiqələrindən də istifadə edilir. Bildiyimiz kimi, köhnə vəsiqələrdən fərqli olaraq yeni nəsil vəsiqələrdə vətəndaşın qeydiyyat ünvanı yazılmayıb, bunun əvəzində həmin vəsiqələrdə yerləşdirilən "çip"lərdə onların bütün məlumatları qeyd olunub. 
Bəs belə olan halda səsvermə zamanı vətəndaşın həmin məntəqə ərazisində qeydiyyatda olduğunu necə bilmək olacaq, bu vəziyyətdən sui-istifadə kimi hallar ortaya çıxacaqmı?
 
Məsələni araşdırmaq üçün Mərkəzi Seçki Komissiyasının Mətbuat xidmətinin rəhbəri Şahin Əsədli ilə əlaqə saxladıq.

MSK sözçüsünün bildirdiyinə görə, MSK bu məsələnin həll istiqamətində işlər görür. Belə ki, yeni nəsil şəxsiyyət vəsiqəsinə sahib vətəndaşların səs vermədə rahat iştirak edə bilməsi üçün ölkə üzrə bütün seçki məntəqələrində "çip" oxuma qurğuları quraşdırılır. Və bu proses bütün səsvermə məntəqələrini əhatə edərək, tam bitənə qədər davam edəcək.
 
Günay İlqarqızı