Texnologiya 21:06 08.02.2018

Müasir internetin yaradıcılarından biri vəfat etdi

Müasir internetin yaradıcılarından biri, ABŞ-ın kiberməkanda hüquqların qorunması ilə məşğul olan "Electronic Frontier Foundation” (EFF) qeyri-hökumət təşkilatının təsisçisi amerikalı Con Perri Barlou 70 yaşında dünyasını dəyişib.

Qaynarinfo ICTnews-a istinadən xəbər verir ki, təşkilatın "Facebook” səhifəsində deyilir:

"Bu gün internet öz qəhrəmanını itirdi. "EFF” həmtəsisçi Con Perri Barlounun vəfatından kədərlənir”.

Məlumata görə, o, yuxuda olan zaman vəfat edib:

"Mübaliğəsiz demək olar ki, internetin bu gün bizim bildiyimiz və sevdiyimiz əsas seqmentləri Barlounun rəhbərliyi və təsəvvürü sayəsində mövcuddur və inkişaf edir”, - məlumatda qeyd olunub.

C.Barlou 1990-cı ildə elektron rabitə vasitələri istifadəçilərinin hüquqlarını qoruyan "Electronic Frontier Foundation” hüquq müdafiə təşkilatının yaradılmasında iştirak edib.  Bundan başqa, o, internetə həsr edilən işlərlə məşhurlaşıb. Həmçinin C.Barlou 70-ci illərdə gitaraçı Bob Veyrlə birlikdə ABŞ-ın "Grateful Dead” rok qrupu üçün bir neçə mahnı yazıb.