Ölkə 22:12 11.08.2018

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi başa çatdı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, bu barədə məlumat avqustun 10-da namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər test mərhələsinin nəticələri əsas tutulmaqla proqram təminatı tərəfindən elektron yerləşdirmədə iştirak ediblər. Bu mərhələni uğurla keçən 4 min 337 namizəd müsabiqənin yekun – müsahibə mərhələsində iştirak edəcək. Həmin namizədlərin şəxsi səhifələrinə müsahibənin keçiriləcəyi yer və tarix barədə məlumat göndərilib.


Avqustun 13-dən etibarən keçiriləcək müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlıqları və ümumi dünyagörüşləri müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.