Sağlamlıq 16:29 20.01.2018

Müharibələr insan psixologiyasına necə təsir edir? (ŞƏRH)

Keçən 5600 ildə dünyada 14600 müharibə baş verib. Azərbaycan xalqı da qədim tarixdən başlayaraq bu günə qədər azadlığı uğrunda daim mübarizə aparıb, bu yolda saysız-hesabsız şəhidlər verib və əzmi ilə tarixdə iz qoyub. 20 Yanvar isə tariximizə qara hərflərlə yazılmış qan yaddaşımızdır.

Əsrlər boyu yaşanmış bu savaşlar, müharibələr insanların psixologiyasında, həyatında ağır və silinməz izlər qoyur. Bu isə həmin cəmiyyətin gələcəkdə sağlam cəmiyyət kimi formalaşmasına, inkişafına mənfi təsirlər göstərə bilir. 
 


Müharibələr insanların psixologiyasına, formalaşmasına necə təsir göstərir? Bu sualla müraciət etdiyimiz psixoloq Şahin Əliyevlə Qaynarinfo-ya açıqlamasında bildirdi ki, müharibələr insanların psixologiyasında silinməz izlər buraxır:

"Ümumilikdə 20 Yanvar faciəsində iştirak edən, müharibə və ya terror hadisəsi iştirakçısı olmuş insanlarda Posttrammatik stress yarana bilər. Bu isə əlbəttə , birdən birə baş vermir . İlk əvvəl kəskin stress reaksiyası yaranır. Buna misal olaraq,  stupor donma reaksiyasını misal göstərmək olar. Daha sonra müşahidə olunan simptomların davam etmə müddəti artdıqca kəskin stress reaksiyası öz yerini kəskin stress pozuntusuna daha sonra isə posttravmatik stress pozuntusuna verir. Bu özünü həm psixoloji, həm davranış dəyişikliyində göstərir . Psixoloji baxımdan dəyişikliyə misal olaraq, başqasını günahlandırma, düşüncənin pozulması, çaşqınlıq, yüksək oyanıqlıq, ağla gələn neqativ və məntiqsiz fikirlər, yaddaş problemləri, diqqətin zəifləməsi, kabuslu yuxular,  qərar qəbul etmədə və problemlərlə mübarizə də qabiliyyətlərin azalması davranış dəyişikliyinə misal olaraq isə alkoqoldan istifadənin çoxalması, antisosial hərəkətlər, aktivliyin dəyişməsi, ünsiyyətdə dəyişiklik (özünə qapanma, səbirsizlik, əsəbilik və s.), seksual sferada dəyişiklik (intim münasibətə olan marağın azalması və ya artması), nitqin dəyişməsi, güclü affektlər, iştahanın dəyişməsi, yerişin dəyişməsi, intensivləşmiş ritual hərəkətlər,  şübhəlilik, sosial təcrid olunma və s. misal göstərmək olar. Həmin şəxslər bunu hiss etməsə də, ətrafdakılar tərəfindən bu dəyişikliklər aydın şəkildə müşahidə olunur. Bundan başqa stressogen hadisə ilə bir başa üz-üzə qalan insanlarda daha sonralar Təkraryaşama simptomları yaranır. Təkraryaşama simptomları posttravmatik stressin ən mühüm xüsusiyyəti kimi qiymətləndirilir. Bu simptomlara travmatik hadisə ilə əlaqəli arzuolunmayan fikirlər, xəyallar (fantaziyalar) və dəhşətli (qorxulu, kabuslu) yuxugörmələr daxildir. Buraya, həmçinin "flashback”lər (zərərçəkənin tamamilə baş vermiş hadisə ilə bağlı xatirələrə dalması) aid edilir. "Flashback”lər o qədər canlı ola bilər ki, zərərçəkənə elə gəlir ki, o travmatik hadisəni yenidən yaşayır. İnsanlar özündən asılı olmadan baş vermiş hadisəni xatırlayanda məyus ola, həddən artıq kədərlənə bilər və eyni zamanda tərləmə, taxikardiya kimi fiziki reaksiyalar verə bilərlər. Müharibə terror silahlı iğtişaş hadisələrində iştirak etmiş insanlarda çəkinmədən demək olar ki müxtəlif formalı təşviş pozuntuları (yəni nevrozlar) yaranır. Bu isə fərdin ailə üzvləri üçün ciddi narahatlıqlara gətirib çıxara bilər. Zaman keçdikcə bu müşahidə olunan davranış forması həmin şəxsin ailə fərdlərinin davranışlarına da yansıyır və onlarda da qeyri-ixtiyari aqressiya, sosial özünü təcrid və s. formalaşır". 

"Hazırda dünyanın bi çox yerində müharibələr gedir. Bu kimi hadisələrin insan həyatına nə kimi təsirləri ola bilər" sualını cavablandıran psixoloq bildirdi ki, bu xüsusən yeniyetmələrə mənfi təsir göstərir:

"Doğru qeyd etdiniz, hazırda dünyada baş verən bu hadisələr, terror, silahlı qarşıdurmaları və s. TV və radiolardan eşitmək, saytlarda, qəzetlərdə oxumaq daha çox yeniyetmə yaş qrupunda olanlar üçün təhlükəli hesab olunur. Çünki 12-13 yaşından sonra yeniyetmələrdə özlərinə xas əxlaq normaları formalaşır, ətraf mühiti sorğulamaq, özünü dərk etmək prosesi başlayır və vətənpərvərlik hissi bu yaşlarda ən yüksək həddə olur. Və həmin dönəmdə də bu kimi hadisələrin təsirində olmaq adekvat davranışlardan kənar aqressiyanın meydana gəlməsinə səbəb olur. Bunun da nəticəsində gündəlik həyatda baş verən hadisələrə belə impulsiv yanaşma müşahidə olunur ki, onun da sonradan peşmançılığı çəkilir".  

Şahin Əliyev deyir ki, müharibədən zərər görmüş yaşı orta yaş həddini keçən insanlara yardım etmək çətindi:

""Təəssüf ki, orta yaş həddində olan və həmin yaş həddini keçmiş insanlara kömək etmək bir o qədər də asan deyil. Çünki onların artıq həyat təcrübələri, formalaşmış fikirləri var və onları psixoterapeyaya cəlb etmək, eləcə də onlara yardım etmək bir o qədər çətin olur. Amma həmin insaların yaşamına diqqət etsək, görərik ki, digər insanlarla nisbətdə onlarda daha çox aqressiya və ya həyata qarşı laqeydləşmə hissi və çəkinmə davranışları müşahidə olunur. Çəkinmə davranışları  – travmatik hadisə ilə bağlı xatirələri düşüncədən kənarda saxlamaq üçün edilən məqsədyönlü cəhdlərdir. Disstressə səbəb olan xatirələri oyada biləcək insanlar, məkanlar və fəaliyyətlərdən uzaq olmaq üçün şəxslər öz həyatlarını məhdudlaşdırmaq məcburiyyətində qalırlar. Bu isə öz növbəsində onlar sosial ünsiyyət siferasına öz təsirini göstərir. Daha sonra isə bu şəxslər yaşamlarını, təcrübələrini gündəlik ünsiyyət təlabatını ödəyə bilmədikdə isə çəkinmə davranışları bu şəxslərdə aqressiv davranışlarla əvəz olunur və bu proses növbəli şəkildə bu cür davam edir. Belə şəxslərin yaxınlarının üzərinə böyük yük düşür desək yanılmarıq. Belə vəziyyətlərdə daha çox maarifli olmalı insanlar elə bu şəxslərin ən yaxınlarıdır. Anlayışlı qarşılamalı, həmin şəxsin həyatını rəngarək etmək üçün o şəxsi daima müxtəlif aktivliklərə cəlb etməlidirlər. Xüsusi olaraq rejimli və idman fəailiyyəti (məsələn üzgüçülük) qrafik çox kömək ola bilər. Çünki əvvəldə də dediyim kimi ailə üzvləri arasında bu cür travmalara məruz qalmış insanlar olduqda gələcəkdə övladlar valideynlərdə yaranmış bu cür davranış dəyişikliyindən dolayı əziyyət çəkirlər". 

Orta yaş həddini keçən insanlardan fərqli olaraq, yeniyetmələrə kömək etməkmümkündür və onların müalicəsi daha tez effekt verir: 

"Əlbəttə, yeniyetmələrdə və gənclərdə terapevtik iş daha çox effekt verir. Çünki yeniyetmələr və gənclərdə terapevtik iş valideynlərlə birgə aparılır. Artıq psixoterapiya zamanı yeniyetmələrin və gənclərin stress hadisəsi ilə bağlı qazanmış olduğu travmalar aradan qaldırılır və eləcədə bu işin davamı olaraq da valideynlərə evdə tətbiq etmələri üçün müəyyən tapşırıqlar verilir. Belə ki, valideynlər övladlarının izlədiyi, oxuduğu materiallara nəzarət etməli, yəni, filtrləmədən istifadə etməlidirlər. Filtrləmə ilkin prosedurlardan biridir. İkinci olaraq isə valideynlər daha çox vaxt ayırmalı, ən xırda nailiyyətlərini belə qiymətləndirməli, daima onların özgüvənlərini üstün tutmalı və qətiyyən günahlandırmamalıdırlar. Yeniyetməlik çox kritik dönəmdir və gənclik yetişkinlik çağına girişdir. Bu dönəmdə onların oxuduğu, izlədiyi hər şey onlar hiss etməsələr də, şüuraltısına təsir edir və gələcəkdə həyat fəaliyyətinə təsir göstərir. Bu dönəmdə valideynlərin üstünə düşən vəzifə övladlarına qınayaraq, günahlandırıcı davranış sərgiləyərək məsləhət vermək qadağa qoymaq əvəzinə, dost və yoldaşca yanaşaraq, onlara güvən qazandırmaq və baş vermiş hadisəni onların özlərinin analiz edərək düzgün nəticəyə gəlməsinə kömək etməkdir". 

Nərmin Həsənli