"Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı" haqqında qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən şadlıq evləri, kafelər, restoranlar, barlar və digər obyektlərdə ifa oluna musiqilərə görə həmin obyektlərin mülkiyyətçiləri musiqi müəlliflərinə qonorar ödəyəcək.
 
"Qaynarinfo" məsələ ilə bəstəkar-müğənni Murad Arifin münasibətini öyrənib. İfaçı belə bir qanunun qəbul edilməsini alqışlasa da, buna ilk növbədə televiziya, radio və konsert salonlarından başlamağın doğru yol olacağını bildirdi: 

"İlk növbədə televiziya və radiolar bizə qonorar versinlər, daha sonra şadlıq saraylarının canına düşərik. Toy ərzində 6-8 saat boyunca popurilər səslənir, bir mahnıdan digərinə keçid edilir. Onu izləmək mümkün deyil. Canlı ansablın müşayiəti ilə hər mahnıdan bir fraqment söyləyib keçirsən, onu heç bir şəkildə, heç bir alətlə, heç bir sistemlə izləmək mümkün deyil. Amma belə bir fikirləri, niyyətləri varsa, əvvəlcə televiziya və radioların üstünə düşsünlər. Çünki bizim mahnılarımız radiolarda, televiziyalarda, konsert salonlarında, Yaşıl Teatrda, Heydər Əliyev Sarayında səslənir, amma oradan bir qara qəpik də ala bilmirik. Onu izləmək daha asandır, nəyinki hansısa kafe, yaxud da şadlıq sarayını..."
 
"Toy şənliklərində səsləndirilən bayağı mahnılara görə də qonorar verilməlidirmi?" sualına isə sənətçi belə cavab verdi: 
 
"Mahnının pisi-yaxşısı yoxdur. Onun pis və ya yaxşı olmasını nəyə əsasən müəyyən edə bilərsiniz ki?! Mənə görə, mətni anlamsız mahnı ola bilər, amma yenə də mahnı mahnıdır. Əgər belə bir qayda varsa ki, mahnının səsləndirilməsinə görə müəllifə pul ödənməlidir, həmin ifaçılara da verilməlidir. Bu yaxşı qaydadır, mən bunu alqışlayıram. Amma dediyim kimi ilk növbədə TV və radiolardan, konsert salonlarından başlamaq lazımdır, şadlıq evlərindən yox".

Çingiz Səfərli
Qaynarinfo.Az